Facebook depressiyaya yaradır

“The İndependent” qəzeti yazır ki, yeni araşdırma sosial media ilə depressiya arasında bağlılığın olduğunu müəyyən edib.
 
Tədqiqatın nəticələrinə görə, yetkinlik yaşına çatanlar sosial media ilə nə qədər çox məşğul olurlarsa, bir o qədər də depressiyaya yuvarlanırlar.
 
19-32 yaş arasında olan könüllülərin iştirak etdiyi eksperiment göstərib ki, həftə ərzində sosial mediaya baş vuranlar arasında depressiya bunu daha az edənlərlə müqayisədə 2, 7 dəfə çox qeydə alınır. ABŞ-da keçirilmiş eksperimentdə iştirak edən 1787 nəfər gün ərizndə sosial mediaya 61 dəfə baş çəkib. Onlar həmçinin öz hesablarını həftədə 30 dəfə yoxlayıblar. Bu adamların 25 faizində depressiyanın yüksək göstəriciləri qeydə alınıb.
 
“Facebook depressiyası”
 
Pittsburghdakı Media, Texnologiya və Sağlamlıq Mərkəzinin direktoru doktor Brian Primack “The İndependent” qəzetinə deyib ki, bu eksperimentin nəticələri depressiya ilə sosial media arasında birbaşa bağlılığı tam əks etdirməyə də bilər.
 
Alimin dediyinə görə, ola bilər ki, artıq depressiyası olan adamların Facebook kimi sosial medialara meylliliyi daha yüksək olsun. Belə adamlar adətən birbaşa sosial ünsiyyətdən çəkinən şəxslərdir, – deyir alim.
Bununla belə, alimin fikrincə sosial mediadan istifadə ilə depressiya arasında bağlılığın olduğunu düşünməyə əsas verən göstəricilər az deyil. Onun sözlərinə görə, hətta “Facebook depressiyası” kimi istilah da işlətmək mümkündür.
“Ola bilsin ki, Facebook-dan istifadə edənlər arasında real həyatlarında adamların ideallaşdırılmış portretlərini görə bilməyənlər daha çox olsun” – deyib Primack.
Alim deyir ki, burada çox təhlükəli qapalı dövrə yarana bilər. Məsələn, depressiyalı insanlar sosial mediaya daha çox üz tuturlar və bunun nəticəsində daha böyük depressiyaya düçar olurlar.
 
Xəstəlik, yoxsa çarə?..
 
Pittsburgh Tibb Universiteti Facebook, YouTube, Twitter, Google Plus, Instagram, Snapchat, Reddit, Tumblr, Pinterest, Vine və LinkedIn kimi 11 populyar platforma üzərində araşdırma aparıb.
 
Hazırda Facebook-un bir milyarddan artıq gündəlik istifadəçisi var, halbuki Tvitter ayda 320 milyon insanı cəlb edir.
 
“The İndependent” yazır ki, bu tapıntı olduqca həyəcanvericidir, çünki Dünya Səhiyyə Təşkilatının məlumatına görə depressiya hazırda qlobal əlillik səbəbləri arasında birinci yeri tutur. Lakin doktor Primack istisna etmir ki, sosial mediadan depressiya ilə mübarizə üçün də istifadə etmək mümkündür. Onun fikrincə, burada başlıca məsələ necə və nə qədər istifadə etməkdədir. Professor deyir ki, tapıntılar bütün sosial media istifadəçilərinin 25 faizini əks etdirir. Digər tərəfdən başqa bir qlobal problem olan tənhalıqla mübarizədə də sosial medianın rolu danılmazdır. Sosial media kimlərəsə təskinlik gətirirsə, bunun özü də təqdirəlayiqdir. 

Google+ WhatsApp ok.ru