Fevralda Azərbaycandakı sürüşmə sahələrində aktivləşmə qeydə alınıb

“Fevral ayında qarın yağması nəticəsində Azərbaycan ərazisindəki mövcud sürüşmə sahələrinin əksəriyyətində müəyyən aktivləşmələr qeydə alınıb”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.
 
S. Əmiraslanov aktivləşmələrin ən çox dağlıq ərazilərdən keçən yollarda müşahidə olunduğunu bildirib: “Ən çox aktivləşmə Lənkəran-Lerik yolunun bir neçə kilometrliklərində mövcud sürüşmə və uçqun sahələrində bilavasitə qarın yağması nəticəsində baş verib. Quba-Xınalıq yolu isə qarla örtülü olduğundan hələlik dəqiq məlumatlar əldə edə bilməmişik. Amma sürüşmə sahəsində aktivləşmə ehtimallarının olması yüksəkdir. O cümlədən, Ağsu aşırımındakı ərazidə də nisbətən aktivləşmə müşahidə olunub. Bundan başqa, maili yamaca müəyyən müdaxilələr, habelə qarın yağması nəticəsində Masallı rayonunun Xəlifələr kəndində lokal sürüşmə proseslərinin əmələ gəlməsinə səbəb olub. Sürüşmə sahəsi fərdi yaşayış evindən 10-14 metr aralıda baş verib”.
 
S. Əmiraslanov Abşeron yarımadasında sürüşməyə qarşı tədbirlərin həyata keçirildiyi sahələrdə isə elə bir ciddi dəyişiklik baş vermədiyini qeyd edib: “Abşeron yarımadasında vəziyyət stabildir. Nisbətən Zığ sürüşmə sahəsində çatların genişlənməsi ilə nəticələnən proses qeydə alınıb. Eyni zamanda, Abşeron yarımadasının bir çox ərazilərində, o cümlədən Xətai rayonunun Zeytunluq küçəsi və Bayıl qəsəbəsinin Buxta küçəsində lokal ərazilərdə uçqun prosesi gedir”.
 
S. Əmiraslanov ötən ilin iyununda İsmayıllının Zərnava kəndinə gedən yolda fevral ayında nisbətən aktivləşmə qeydə alındığını söyləyib: “Amma bu, yolu sıradan çıxaracaq bir aktivləşmə deyil”. 

Google+ WhatsApp ok.ru