Tibb Universitetində oxuyan əcnəbilərə xəbərdarlıq edildi

Dövlət Miqrasiya Xidmətinin Baş İdarəsinin rəisi Vahid Qəhrəmanov Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbələrlə görüşüb.
 
Bu barədə universitetin mətbuat xidmətindən məlumat veriblər.
 
Xəbərdə deyilir ki, Azərbaycanda 10 gündən artıq yaşamaq istəyən əcnəbi, həmçinin tələbə ölkəyə gəldiyi gündən olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bunun üçün pasportun yalnız şəkil olan və ölkə ərazisinə girişin Dövlət Sərhəd Xidməti tərəfindən təsdiq edilmiş səhifəsinin surəti tələb olunur.
 
“Əcnəbi tələbələrə bildirildi ki, Azərbaycanda qanuni əsaslarla olduqları müddətdə onlara müvəqqəti yaşamaq üçün 1 il müddətinə icazə verilir. Tələbələrə dövlət rüsumunda xeyli güzəşt edilir. Belə ki, 1 illik yaşamaq üçün icazə alan əcnəbilər 120 manat ödədiyi halda tələbələr üçün bu məbləğ 40 manatdır. Lakin vətəndaşlığı olmayan şəxslər təhsil müddətində əmək fəaliyyəti ilə məşğul ola bilməzlər” - deyə məlumatda bildirilir.
 
Yəni xarici ölkə vətəndaşı hansı məqsədlə gəlibsə, o məqsədlə də yaşamalıdır: “ Bəzən əcnəbi tələbələr təhsil haqqını ödəyə bilmədikləri üçün işlədiklərini deyirlər. Buna baxmayaraq belə hallar aşkarlanarsa, əcnəbi tələbəni işə götürən hüquqi şəxs 30-35 min manat, sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər isə 3000-5000 manat məbləğində cərimə oluna bilərlər. Yaşayış yeri, qeydiyyatla bağlı qanunun tələblərini pozan əcnəbilərin özləri isə 300-400 manat məbləğində cərimə ödəməlidir. Əgər son 3 il ərzində qanun pozuntuları 2 dəfə təkrarlanarsa, həmin şəxslər ölkədən məcburi çıxarılır, onların ölkəyə girişinə məhdudiyyət qoyulur. Hər bir əcnəbi vətəndaş ölkəmizdə yaşamaq imkanını leqallaşdırmalıdır.
 
Xaricdən 2-4 həftə müddətinə mühazirə deməyə gələn professor və müəllimlər iş icazəsi almaqdan azaddır. Çünki bu məsələlər səfirliklər səviyyəsində həll olunur”.

Google+ WhatsApp ok.ru