Gəncə SOS Uşaq Kəndində işgəncə iddiası... - FOTO

Müəssisədə dörd ay işləyən Fazilə Abbasova uşaqların təzyiq və zorakılıq altında saxlanıldığını bildirir və yoxlama tələb edir...

Gəncə SOS Uşaq Kəndləri Proqramından şikayət var. Gəncə şəhər, Kəpəz rayon, Sevinc qəsəbəsi sakini Fazilə Abbasova SOS Uşaq Kəndində məskunlaşan uşaqlara qarşı zorakılıq və şiddət olduğunu bildirir. Şikayətçinin sözlərinə görə, uşaqlarla dörd ay həmin yerdə yaşadığı müddətdə bilib ki, onlarla illərlə bu cür rəftar edilir. 
 
Kənddə yaşayan uşaqlar daim qorxu və təzyiq altındadırlar. Analar onlarla olduqca pis rəftar edir, uşaqlar təzyiq, təhdid və işgəncələrə məruz qalır və döyülürlər. F.Abbasovanın sözlərinə görə, bununla bağlı müəssisənin rəhbərinə və psixoloquna bir neçə dəfə məlumat versə də, onlar tədbir görməyiblər. Hətta o, Bakıdan gələn yoxlamaya da vəziyyəti deyib, ancaq yenə vəziyyət düzəlməyib.
 
F.Abbasovanın sözlərinə görə, 2014-cü ilin avqust ayında Gəncədəki SOS Uşaq Kəndinə işləmək üçün müraciət edir. “Orada ana kimi işləmək üçün ərizə yazdım. Ərizəmi götürdülər və iki həftə müddətinə təlimdə olduğumu bildirdilər. Yəni iki həftə ərzində işimə, davranışıma baxıb ərizəmə cavab verəcəkdilər. Sentyabrın 1-dən işə başladım. Həftələr keçdi, ancaq məni işə götürmədilər. Orada uşaqlara baxmaq üçün 12 ana var idi. Həmin analar məzuniyyətə gedirdilər və onların əvəzinə evlərində qalırdım, işləyirdim. Beləliklə, dörd ay işlədim. Bu müddətdə hər dəfə oranın rəhbəri Nəsimi müəllimlə qarşılaşanda nə zaman mənimlə müqavilə bağlanacağını soruşurdum. Nəsimi müəllim o zaman direktorun köməkçisi işləyirdi, ancaq bütün məsələlərə o, nəzarət edirdi. O, mənə deyirdi ki, tezliklə müqavilə bağlayacağıq. Belə ötür-ötürə salırdılar”,- deyə şikayətçi bildirir. 
 
Beləcə, dörd aydan sonra müəssisəyə yoxlama gələcəyindən xəbər tutan rəhbərlik 2015-ci ilin yanvarında F.Abbasovanı çağıraraq ona müqaviləyə qol çəkməyi tapşırıblar. Müqavilə isə ana namizədi üçün yox, könüllülük müqaviləsi olub: “Mən evlərdən birində işləyərkən çağırıb hazır yazılmış müqaviləni göstərdilər ki, qol çəkim. Məni işə götürdüklərini bildirdilər. Baxmadan qol çəkdim, ancaq bir neçə gün sonra bildim ki, bu, könüllülük müqaviləsi imiş və dörd ay əvvəlki tarixlə yazılıbmış. Mən işə qəbul üçün ərizə yazanda ana namizədi kimi işləmək istədiyimi yazmışdım, həmin yer, həmin vakansiya üçün müraciət etmişdim. Könüllü işləmək üçün müraciət etməmişdim, çünki maddi vəziyyətim ağır idi. Ailəm və yaşamağa yerim yox idi. Onlar da məni aldatdılar. Mən biləndən sonra könüllülük müqaviləsinə etiraz edəndə mənə ailə köməkçisi işi təklif etdilər. Mən isə bunu qəbul etmədim”.
Şikayətçinin sözlərinə görə, işə götürülməməsinin səbəbi müəssisədə uşaqlarla olan kobud, amansız rəftarla razılaşmaması olub: “Mən bu barədə baş idarədən gələn iki yoxlamaya da bildirdim. Ancaq heç bir tədbir görülmədi. Burada işləyəndə gördüm ki, uşaqlara münasibət yaxşı deyil, analar uşaqları daim qorxu, təzyiq altında saxlayırlar. Onlar uşaqların doğma anaları deyildi. Dövlət analıq etmək üçün onlara pul verirdi, öz uşaqları olmayan qadınlar idi. Onlar uşaqlara nəinki qayğı göstərmir, onları müntəzəm döyür, söyürdülər. Onlar üçün alınan ərzağı normal şəkildə bişirib vermirdilər. Soyuducu ərzaqla dolu olurdu, ancaq analar normal yemək bişirmirdilər. Uşaqlar günlərlə köhnədən qalma sup və borş yeməli olurdular. Mənim yemək bişirdiyimi görəndə uşaqlar təəccüblənirdilər ki, analarımız bizə bunu bişirmir. Analar özləri yedikləri yeməklərdən uşaqlara vermirdilər, uşaqlar yeməyə, şirniyyata baxa-baxa qalırdılar. Mən bunlara etiraz edirdim, buna görə məni oradan uzaqlaşdırdılar. Uşaqlara daim təzyiq və zorakılıq var idi. Mən bu barədə SOS-un psixoloqu Arzu xanıma və Nəsimi müəllimin özünə demişəm. Heç bir nəticə olmayıb. Başa düşdüyüm odur ki, onlar əlbir olublar və analarla birgə mənə qarşı çıxıblar. Uşaqlara ancaq yoxlama gələndə normal yeməklər verilirdi. Uşaqlar daim döyülürdülər. Bu səbəbdən böyük yaşlı uşaqlar da yatanda yerini isladırdılar, onlara pampers qoyulurdu. Uşaqlara təzyiqlər, təhdidlər dəhşətli idi. Öz anaları ilə danışan uşaqlar təhqir edilir, döyülürdülər. Uşaqlar orada şiddətli qorxu altında saxlanılırdı. Səksənə yaxın uşaqdır. Mən bununla bağlı Bakıdan, baş idarədən gələn yoxlamaya da dedim. Bu səbəbdən də Nəsimi müəllim məni işə götürmədi. İndi də eşitmişəm ki, uşaqları döyüb mənim əleyhimə ifadə almaq istəyirlər. Guya mən onlarla pis davranmışam. Əslində onlar uşaqlarla insanlığa sığmayan rəftar edirlər. məni polislə qorxudurlar, yalandan polisə mənim haqqımda şikayət veriblər”. 
 
F.Abbasovanin sözlərinə görə, onun yazdığı ərizələrlə bağlı Əmək Müfəttişliyindən və Gəncə İcra Hakimiyyətindən gəlsələr də, vəziyyət dəyişməyib: “Mən dövlət başçısına və xanımına müraciət ünvanlamağı planlaşdırıram. Qoy həmin uşaq kəndinə yoxlama göndərib oradakı özbaşınalığı, şiddəti araşdırsınlar. Heydər Əliyev Fondu, Mehriban xanım Əliyeva kimsəsiz uşaqlara daim diqqət ayırır, bu kimi şəxslər isə uşaqların taleyi ilə oynayırlar. Ümid edirəm ki, dövlət başçısına və xanımına ünvanlayacağım müraciətə baxılacaq. Uşaqlar yazıqdır. Buraya obyektiv şəkildə yoxlama gəlsə, araşdırsa, onların cinayətləri üzə çıxacaq. Bu qədər uşağın taleyi ilə oynamaq olmaz. Nə Allahdan, nə dövlətdən, qanundan qorxurlar”. 
 
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 21 saylı region üzrə dövlət əmək müfəttişliyi də məsələni araşdırıb. Müəyyən olunub ki, qadınla könüllülük müqaviləsi bağlanıb: “Təşkilatda könüllü kimi çalışdığı dövr ərzində o, sınaq müddətində idi və daima psixo-pedaqoji heyət tərəfindən müşahidə altında idi. Psixoloqun rəyinə əsasən, onun tərbiyəçi ana işinə uyğun gəlmədiyi bildirilib. Daha sonra ona əmək haqqı 170 manat olan ailə köməkçisi işi təklif edilib. O, buna etiraz edib”. Bildirilir ki, müfəttişlik əmək qanunvericiliyinin tələblərinin pozulmasını aşkar etməyib.
F.Abbasova isə sual edir ki, psixoloqun onun barəsindəki rəy müsbət deyildisə, niyə ona vaxtında demirdilər? “Dörd ay niyə gözləyirdilər? Mən orada yazdığım ərizədə ana namizədi kimi işləmək istədiyimi bildirmişdim. Sonradan mənə müqavilə göstəriləndə də hesab etdim ki, artıq rəsmi işə başlayıram. Müqaviləyə baxmağa şərait yaratmadılar və qol çəkdim. Onun könüllülük müqaviləsi olduğunu bilməmişəm. Həmin ərizəni isə mən yazmamışam, başqasının xətti ilə yazılıb və məni aldadıblar. Bunu ekspertiza keçirib müəyyən etmək çətin deyil, amma etmirlər”.
 
Gəncə SOS Uşaq Kəndinin rəhbəri Nəsimi Ələkbərli isə məsələ ilə bağlı musavat.com-a baş verənləri təkzib edib. O bildirib ki, qadının dedikləri doğru deyil: “Fazilə Abbasova könüllülük müqaviləsi bağlayıb və məsələni Dövlət Əmək Müfəttişliyi də araşdırıb, məsələ bağlanıb. Biz onu könüllü kimi işə götürmüşük. Mən onu zorla gətirib necə işlədə bilərəm? Özü işləyib. Deyir ki, müqavilə yanvarda bağlanıb. İstəyirsə, sənədi ekspertizaya göndərə də bilərəm. Zəhmət çəkib, müqaviləni oxuyub qol çəkəydi. Əmək münasibətləri ilə bağlı məsələ artıq həll olunub. Təzyiq məsələsinə gələndə isə xanım özü buradakı uşaqları şantaja cəlb edirdi. Deyib ki, gedin kənddə sizə qarşı edilənləri çəkin, Nəsimi müəllimin, anaların üzünə durun, sizə pul verəcəm. Mən bununla bağlı polis idarəsinə müraciət etmişəm ki, o xanım bu işdən əl çəksin”. 

Google+ WhatsApp ok.ru