Oğlu avtoşluq edən icra başçısının müavini vəzifədən qovuldu

Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərov vəzifəsindən azad olunub. 
 
Bu barədə “Qafqazinfo”ya məlumat Zərdab rayon İH-dən daxil olub. Bildirilib ki, məlum olaylardan sonra A. Səfərov işdən uzaqlaşdırılıb. 
 
Xatırladaq ki, A. Səfərovun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilib.
 
Qeyd edək ki, Prezident İlham Əliyev bir neçə dəfə dövlət məmurlarına övladları ilə bağlı xəbərdarlıq edib.
 
Prezident yüksək vəzifə tutan məmurların övladlarının harın hərəkətlərinin yolverilməz olduğunu və belə hal baş verərsə həmin şəxslərin işdən qovulacağını bildirmişdi. 

Google+ WhatsApp ok.ru