Gəncədə məscidi bağlayıblar (Foto)-VİDEO- YENİLƏNİB 3

Bu gün səhər saatlarında Şah Abbas məscidindən İmamzadə İbrahimə qədər əzadarlıq yürüşü keçirmək istəyən gəncəlilərə polis zorakılıq tətbiq edib.  İslamazeri.az-a daxil olan məlumata görə, məscid polis və daxili qoşunlar tərəfindən mühasirəyə alınıb, məscidin yanına su şırnaqları gətirilib. Camaat məscidə yaxın buraxılmayıb. Mənbənin sayta verdiyi xəbərə görə, hazırda məscidlər bağlıdır və Gəncə inanclılarına 2 gün ardıcıl (bu gün və sabah) məscidlərin qapılarının bağlı olacağı bildirilib.
 
*****
Gəncədə dindarların saxlanılmasının səbəbləri məlum olub.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, bu gün bir qrup dindar Şah Abbas məscidinin qarşısında icazəsiz yürüş keçirməyə cəhd göstərib. Hadisə yerinə polis qüvvələri cəlb edilib və cəhdin qarşısı alınıb.

Polisdən həmçinin bildirilib ki, hadisə zamanı asayişi pozan bir neçə dindar saxlanılıb.

Hazırda ərazidə polis əməkdaşları asayişin qorunması üçün tədbirləri davam etdirir.

****

 
Bu gün günorta saatlarında Gəncədəki Şah Abbas məscidində dindarların kütləvi saxlanılması ilə müşaiyət olunan əməliyyat keçirilib.
 
Şəhər sakinlərindən virtualaz.org saytına daxil olan xəbərlərə görə, polis və xüsusi təyinatlılar məscidə basqın edərək cümə namazını qadağan ediblər. Bir qrup dindar saxlanılıb. Onlardan bir neçəsi daha sonra buraxılıb.
 
Buraxılan dindarların bildirdiyinə görə, onlara deyiblər ki, məsciddə namazı Şeyxülislam Allahşükür Paşazadə qadağan edib.

******

Bu gün Gəncənin Şah Abbas məscidinin qarşısına yığışan inanclılar polislərin hücumuna məruz qalıb. Azadxəbər-in məlumatına görə, 50 nəfərə yaxın şəxs polis bölməsinə aparılıb. Artıq 30 nəfərin sərbəst buraxıldığı, 20 nəfərin isə hələ də bölmədə saxlanıldığı bildirilir. Hücuma səbəb isə gəncəlilərin Tasua yürüşü keçirmək istəyi olub.
 
 
Tarixən gəncəlilələrin Tasua ilə bağlı keçirdiyi yürüşü özünün islami dəyərlərə qarşı qərəzli mövqeyi ilə seçilən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin vəzifəyə təyin edilməsindən sonra repressiya və zor gücü ilə qarşsısı alınıb. Lakin bütün bunlara baxmayaraq hər il gəncəlilər öz dəyərlərinə sadiq qalaraq yürüşlər təşkil etmək istəyirlər. Görünən budur ki, bu dəfə də inanclılar Elmar Vəliyevin əmrini icra edən polislərin təzyiqinə məruz qalıblar.
 
Qeyd edək ki, Elmar Vəliyevin artıq indidən məscidlərin ətrafında polis maşınlarını, su şırnaqlı avtomobilləri gətizdirdiyi bildirilir. Eyni halda Gəncə xanı məktəb direktorlarını çağıraraq şənbə günü bütün məktəblərə dərs günü salmasını və şagirdlərin hamısını dərsə çağırılmasına göstəriş verib. Hələ bunlar azmış kimi, Gəncə şəhərinin yerli komandası olan "Kəpəz"in "Xəzər Lənkəran"la oyunu məhz Aşura Gününə salınıb.
 
Gəncə şəhər Şah Abbas məscidi qarşısından lentə alınan görüntüləri sizlərə təqdim edirik. (islamazeri)
 

 


Google+ WhatsApp ok.ru