Gəncə inanclıları media orqanlarına və Dini Komitəyə müraciət etdilər

Maide.az xəbər verir ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin inanclı sakinləri son günlər doğma şəhərlərində baş verən hadisələrə bəzi KİV-lərin qeyri-obyektiv yanaşmasına etiraz edərək bəyanat yayıblar. Bəyanatda deyilir:
 
"23 oktyabr 2015-ci iltarixdə, yəni Tasua günü Gəncə dindarlarına qarşı polis tərəfindən zorakılıqlar törədilmişdi və bir-neçə dindar sakin inzibati qaydada həbs edilmiş və ya cərimələnmişdi. Bu hadisələri ANS telekanalının məsul işçilərindən olan Mirşahin Ağayevin efirdə Bakıda vahhabilərin tutulması ilə eyniləşdirməsi cəhdi, həmçinin bir sıra saytların da Gəncədə baş verən hadisələri təhrif edilmiş şəkildə xalqa təqdim etmələri hiddətimizə səbəb olmuşdur. Buna görə də media orqanlarına müraciət etmək qərarına gəldik. Belə ki, Gəncə inanclılarını qaralama kampaniyasına bilərəkdən və ya bilmədən alət olmuş KİV nümayəndələrinin qeyri-peşakar davranışlarına biganə qala bilmzədik.
 
Tasua günü Gəncədə baş vermiş polis zorakılığını təhrif edən saytlara, xüsusən də özlərini din, mənəviyyat, həqiqət keşikçisi adlandıran saytlara buradan səslənərək bildiririk ki, yoxlanılmadan təqdim etdiyiniz təhrif olunmuş xəbərlər xalq arasında yalnız nüfuzunuzun azalmasına xidmət etmişdir. Belə bir həssas günlərdə dindar insanları qıcıqlandıran yalan xəbər verməklə nəyə nail olmaq istəyirsiz? Unutmayın ki, necə deyərlər, elin gözü tərəzidir və Gəncə camaatı çox gözəl bilirki, 4-5 ildir Gəncə məscidlərinin ətrafında hansı oyunlar aparılır və inanclı insanları zorla təxribatlara sürükləmək istəyənlər kimlərdir.
 
Tasua günü şəhərin Came məscidinin yanında dindarlar haqsız yerə dəyənəklərlə döyülür və KİV nümayəndələri bunu “məscidə hücum” kimi təqdim edirlər! Çox təəccüblüdür, siz jurnalistikaya bu qədərmi ucuz qiymət verirsiniz və peşənizə bu qədərmi yüngül yanaşırsız ki, Tasua günü məscidin yaxınlığında dindarların nə edə biləcəklərini, ora hansı məqsədlə getmiş ola biləcəklərini düşünə bilmirsiz? Axı burada dəyənəklərlə döyülənlər sadə inanclı sakinlər olub, İmam Hüseynin (ə.) matəmini keçirmək istəyənlər olub. Məscidə ibadətə və matəm keçirməyə gələnləri döyüb həbs edən polisin hərəkətlərini qəhrəmanlıq kimi təqdim edib hadisənin həqiqətlərini araşdırmadan insanlara yalan məlumat yaymaq heç bir jurnalist etikasına sığan iş deyil. 
 
Odur ki, sözügedən hadisələri təhrif edib Gəncə inanclılarının hissiyyatına toxunan media işçilərinə üzümüzü tutaraq deyirik ki, peşənizə qarşı daha məsuliyyətli olun, yoxlanılmamış, həqiqəti əks etdirməyən şişirdilmiş xəbərlərdən çəkinin. 
 
Gəncən ininanclı sakinləri olaraq sizləri vicdanlı xəbərçiliyə çağırırıq!"
 
Qeyd edək ki, dünən Gəncə inanclıları Dini Komitə sədri Mübariz Qurbanlıya da Açıq məktub ünvanlayıblar:
 
Həmin məktubu oxuculara təqdim edirik: "23 oktyabr 2015-ci iltarixdə Gəncə şəhəri, Şah Abbas məscidinin ətrafında baş verən hadisələrlə bağlı bildirdiyiniz fikirlər bizi bu məktubu yazmağa vadar etdi. Düzü vəzifənizi və hadisələr barədə daha obyektiv və dəqiq məlumatlar almaq imkanınızın olduğunu nəzərə alaraq bu şəkildə yanlış məlumatla çıxış etməyiniz biz Gəncə dindarlarının təəccübünə səbəb olmuşdur. Hərçənd son illərdə məhz Gəncə dindarlarına münasibətdə müəyyən şəxslərin qərəzli və qanuna zidd olan davranışlarının şahidi olmaqdayıq.
 
Müsahibədə bildirmisiz ki, guya Gəncə dindarları məscidə hücum ediblər... Mübariz müəllim, baş verən hadisənin onlarla, yüzlərlə şahidi olub, foto və video görüntülər var və hər kəs yaxşı bilir ki, bu, heç də belə olmamışdır. Aşura kimi Tasua günü də Gəncəlilər kütləvi şəkildə hər il məscidlərə gedirlər və matəm mərasimləri keçirirlər.
 
23 oktyabr 2015-ci il tarixdə, yəni Tasua günü şəhər sakinləri əzadarlıq etmək üçün zöhr namazından təxminən 2 saat əvvəl Came məscidinə, yəni Şah Abbas məscidinə daxil olmaq istərkən polis qadağası ilə rastlaşmışlar. Sizin də təqdim etməyə çalışdığınız kimi məscidə hücum və ya məsciddən İmamzadəyə yürüş cəhdləri olmayıb. Sakinlər ibadət üçün məscidə daxil olmaq istəmişlər. Əvəzində isə polis dəyənəkləri ilə üz-üzə gəlmişlər.
 
Polisin qadağası qanunusuz idi, heç bir qərara və ya sərəncama əsaslanmırdı. Ümumiyyətlə əgər belə bir qərar var idisə belə, şəhər əhalisi KİV vasitəsilə əvvəlcədən xəbərdarlıq edilməli deyildimi? Bu məktubu yazmaqla sizdən bir neçə suallarımıza cavab verməyinizi xahiş edirik. Bu ölkədə Gəncə bir qanunla, Bakı isə başqa qanunlamı idarə olunur? Nə üçün Gəncədə dini etiqadı ifadə etmək addım başı məhdudlaşdırılır? Deyirsiz ki, QMİ-nin fətvası var ki, mərasimlər qapalı yerlərdə keçirilməlidir. Bu fətva Bakı üçün keçərli deyilmi? Niyə Bakı məscidlərində insanlar məscidlərin həyətlərində və ya küçələrində yığıla bilirlər Gəncədə isə yox? Siz bilmirsinizmi ki, şəhərimizdə yaşlı, əlil, xəstə insanlar da var? Onlar şəhərdən 10 km aralıda yerləşən İmamzadə türbəsinə gedə bilmirlər. Axı niyə məscidlər şəhər sakinlərinin üzünə bağlanmalıdır? Hansı əsasla Gəncə polisi zor göstərərək məscidlərdə azana qadağa qoydu? Məscidlər iki gün tam istifadəsiz qaldı? Siz hər zaman alternativ fikir olmadan söz deməyə öyrəşmisiz. İndi də haqsızlığa bəraət qazandıraraq bir şəhərin yüzlərlə inanclısını ittiham edirsiz. Halbuki sizin vəzifəniz ölkədə dini etiqad azadlığının ifadə edilməsinə yardım etməkdir, tənzimləməkdir. Siz baş vermiş olayla bağlı balanslı deyil, birtərəfli və həqiqətdən uzaq mövqe bildirirsiz. Biz gəncəlilər şəhərimizdə artıq ənənəvi hal almış dini dözümsüzlükdən, yersiz təqiblərdən, polis hədələrindən və s. belə hallardan cana doymuşuq. Əgər siz də işinizin öhdəsindən gəlmirsizsə, tezliklə yüzlərlə şəhər sakini prezident aparatının qarşısında ölkə başçısı ilə görüş üçün toplanacaqdır. 
 
Fikrimizcə şəhər rəhbərliyi məqsədli şəkildə dindarlarla hökuməti qarşı-qarşıya qoymaq istəyir. Dindarları radikallaşdırmağa cəhd edir. Ümumiyyətlə bütün bu kimi problemlər məhz Elmar Vəliyevin şəhər icra başçısı təyin edildiyi gündən yaranmağa başlamışdır. Biz gəncəlilər sizi Gəncəyə dəvət edirik. Buyurun gəlin Gəncəyə. Şah Abbas məscidində inanclılarla vasitəsiz, birbaşa təmasda olun. Bundan sonra mühakimə edin. Sizin vəzifəniz də budur. Biz şəhər sakinləri son olaylara sizin həqiqətdən uzaq münasibətinizdən çox narahat olmuşuq. Təcili şəkildə Gəncədəki dini dözümsüzlük və dindarların təqibinə son qoyulmalı və dini etiqad azadlığımız bərpa olunmalıdır!"

Google+ WhatsApp ok.ru