Gəlir bəyannaməsi nə vaxta qaldı?

Gəlir bəyannaməsi nə vaxta qaldı?

"Exo" qəzetində "Azərbaycanda məmurlar gəlirlərini gizlətməkdə davam edirlər" sərlövhəli məqalə oxumaq olar.
 
Yazının girişində xatırladılır ki, Azərbaycanda "Dövlət məmurlarının gəlir bəyannaməsi haqqında" qanunun qəbul olunmasından 12 il keçir. Hələ o zaman İlham Əliyev Nazirlər Kabinetinə qanunla bağlı mexanizmin hazırlanmasını tapşırıb. Amma bu günə kimi həmin sənəd hazırlanmayıb. Yazıda belə bir ekspert dəyərləndirməsinə də yer verilir: "Biz hesab edirik ki, dövlət məmurlarının gəlir bəyannaməsi anlaşılan səbəblərdən qəbul edilməyib. Görünür, insanlar var ki, nəyisə gizlətmək istəyir. Bundan əlavə, hətta bu qanun işləsəydi belə, real gəlirləri gizlətməyə bir yol tapılacaqdı".
 
Ekspertlər deyib ki, adətən, bu yubanma Nazirlər Kabinetinin bəyannamə formasını hazırlamaması ilə izah edilir. Bu 12 il ərzində müxtəlif QHT-lər gəlirlər haqqında bəyannamə formaları hazırlayaraq, Nazirlər Kabinetinə göndəriblər. Amma bunlar nəzərə alınmayıb: "Bir qayda olaraq, məmurların əsas hissəsi öz varidatlarını qohumlarının adlarına rəsmiləşdirir. Amma görünür, elə məmur qrupu var ki, var dövlətləri ailə üzvlərinin adlarına rəsmiləşdirib. Buna görə də, bu qanunun real olaraq işləməsində maraqlı deyillər".
 
Ekspertlər vurğulayıb ki, bəzi məmurlar 1000 manat maaş alır, amma yüksək varidata malikdir.
 
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov prosesin bu qədər gecikməsini yolverilməz sayır: "Bu qanun korrupsiya ilə mübarizədə mühüm əhəmiyyətə malikdir. Amma bu və ya digər səbəbdən bəyannamənin təsdiq olunması yubanır". /

Google+ WhatsApp ok.ru