Germanwings qəzası: Andreas Lubitsin həkimləri məhkəmə qarşısına çıxacaq?

Mart ayında Barselonadan Düsseldorfa uçan Germanwings şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqata nəzarət edən Fransanın Marsel şəhərinin prokuroru Bris Roben ehtiyatsızlıqdan ölümə səbəbolma faktı üzrə ilkin araşdırma aparacağını bəyan edib.
 
Maide.az "Euronews"a istinadən xəbər verir ki, prokurorun sözlərinə görə, qəzanın günahkarı Andreas Lubits son 5 il ərzində 41 dəfə həkimlərə müraciət edərək depressiyadan, yuxusuzluqdan və görmə qabiliyyətində yaranan ciddi problemlərdən şikayətlənib. Lakin bu barədə aviasiya kompaniyasına məlumat verilməyib.
 
Bris Roben deyib: “İlkin araşdırma tibbi sirrin və uçuş təhlükəsizliyinin necə əlaqələndirildiyini müəyyənləşdirməlidir. Məqsəd təyyarəni sərnişinləri ilə birgə məhv etməyi hədəfləyən insanın pilot kürsüsündə necə və hansı səbəbdən əyləşdiyini izah etməkdir”.
 
İttihamın irəli sürülməsi məsələsi hələ dəqiqləşməyib və araşdırmanın nəticələrindən asılı olacaq.
 
Xatırladaq ki, martın 24-də Barselona-Düsseldorf aviareysinin psixoloji pozğunluqdan əziyyət çəkən ikinci pilotu Andreas Lubits ekipaj kabinəsini bağlayaraq təyyarəni bilərəkdən Fransa Alplarının qayalarına çırpmışdı.

Google+ WhatsApp ok.ru