Günün hədisi: Nə paxıllıq, nə də yaltaqlıq!

Günün hədisi: Nə paxıllıq, nə də yaltaqlıq!

Maide.Az günün hədisini təqdim edir:
 

 İmam Əli (ə):

أَلثَّنَاءُ بِاَكْثَرَ مِنَ الْإِسْتِحْقَاقِ مَلَقٌ وَ التَّقْصِيرُ عَنِ الْإِسْتِحْقَاقِ عِيٌّ أَوْ حَسَدٌ

“Hansısa bir şəxsi layiq olduğundan daha artıq tərifləmək yaltaqlıq, layiq olduğundan az tərifləmək isə bacarıqsızlıq, ya da ona qarşı həsəddir.”

(“Nəhcül-bəlağə”, qısa kəlam 347.)

Qısa izah

Bacarıqlı və tərifəlayiq insanları bəyənilən əməl və rəftarlar səbəbilə tərifləmək və onlara minnətdar olmaq, eyni zamanda, qarşıya qoyduqları məqsəd və hədəflərə çatması üçün təşviq etmək lazımi şərtlərdəndir. Bu məsələdə tərəf müqabilinin ləyaqət və səviyyəsi nəzərə alınmalıdır, əks-təqdirdə, tutduğumuz mövqe acınacaqlı halların yaranması ilə nəticələnə bilər. Fərdlərin tərifi layiq olduqlarından artıq edilərsə, yaltaqlıq sayılar və tərif deyənin şəxsiyyətini alçaltmaqla yanaşı, qarşı tərəfi təkəbbürlü olmağa sövq edər. Tənbeh edilməsi zəruri olduğu halda yersiz tərif, təriflənən şəxsi öz səhvlərini düzəltmək imkanından məhrum edir. Əksinə, layiq olduğundan az mədh edilən bacarıqlı insanlarda bu məsələ onların laqeyd və soyuqqanlı olmasına şərait yaradır, fitrətindəki maraq və şövqü aradan qaldırır, tərif edənlərin həsəd və paxıllıq etdiyini, həmçinin zəifliklərini üzə çıxarır. İnsanlar həmişə orta həddi gözləməyə və digərlərinə zərər vurmamağa çalışmalıdırlar.

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru