Gürcüstan azərbaycanlılarına ikili vətəndaşlıq verilir

Gürcüstan vətəndaşı olan azərbaycanlılara Azərbaycanda ikili vətəndaşlıq verilə bilər.
 
Milli Məclisin deputatı Fərəc Quliyev Trend-ə bildirib ki, bununla bağlı Azərbaycan Parlamentinin yaz sessiyasında təklif irəli sürəcək.
 
F.Quliyev hesab edir ki, əcnəbi vətəndaşlarla Gürcüstan vətəndaşı olan azərbaycanlılar arasında müəyyən fərq qoyulmalıdır: “Bu ya “Vətəndaşlıq haqqında” qanuna dəyişiklik kimi və ya ayrıca qanun kimi də qəbul oluna bilər. Bilirsiniz ki, Azərbaycanda ikili vətəndaşlıq yoxdur, ancaq biz çalışıb həmvətənlərimizlə bağlı elə bir müddəa nəzərdə tutmalıyıq ki, miqrasiya qanunvericiliyində digər əcnəbilərlə Gürcüstanda yaşayan azərbaycanlılar arasında bir fərq olsun. Yəni yaşamaq, işləmək, əmlak, iş qurmaqla bağlı əlavə imtiyazlar olsun”.
 
Bununla bağlı Gürcüstanda yaşayan soydaşlarımızdan müraciətlərin daxil olduğunu deyən millət vəkili bildirib ki, bu imtiyazlar ikili vətəndaşlığı əhatə edəcək çərçivədə olmalıdır:
 
 “Gürcüstan vətəndaşı olan çoxlu sayda soydaşımız Azərbaycana gəlir, burada işləyir. Hesab edirəm ki, bu güzəşti etməklə onlara xeyli kömək etmiş olarıq”.
 
Bildirək ki, Gürcüstanda 500 mindən çox azərbaycanlı yaşayır. Gürcüstanın əsasən şərq bölgələrində məskunlaşan həmyerlilərimizin müxtəlif vaxtlarda sosial problemləri ölkə səviyyəsində müzakirə olunsa da, hələlik heç bir qəti addım atılmayıb.  /

Google+ WhatsApp ok.ru