Gürcüstanda Həzrət İmam Əlinin (ə) mövludu münasibətilə mərasim keçirilib-FOTO

Gürcüstanda Həzrət İmam Əlinin (ə) mövludu münasibətilə mərasim keçirilib-FOTO

Aprelin 10-da  Allahın vəlisi, Peyğəmbərin (s) vəsisi və möminlərin əmiri Həzrət  İmam Əlinin (ə) doğum günü münasibətilə Marneuli şəhərinin Mədəniyyət evində mərasim keçirilib. 
 
Maide.info xəbər verir ki, Gürcüstan Müsəlmanları İdarəsinin və yerli dini təşkilatların təşkilatçılığı ilə təşkil olunan tədbirdə şəhərin din, elm, ictimaiyyət xadimləri və dövlət rəsmiləri və ətraf kəndlərdən dəvət olunan din xadimləri və dindarlar iştirak edib. 
 
Bayram mərasimi Vidadi Qurbanovun Quran tilavəti ilə başlandıqdan sonra tədbirin aparıcısı Məşədi Azər Məmmədov öncə təbrik və qonaqları salamlamaq üçün sözü Marneulinin Baş Axundu Hacı Əziz Nəbiyevə verdi.
 
Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov mərasim iştirakçılarını salamlayıb bayram münasibəti ilə təbrik etdikdən sonra  danışan Qurandan əlavə canlı  yaşayan Quran hesab olunan İmam Əlinin fəzilətlərindən və məqamından söz açdı. Onun və pak Əhli-beytinin (ə) məzhəblərarası vəhdət və həmrəylik mehvəri olmasını vurğuladı.
 
Sonra Şərqi Gürcüstan müftisi Hacı Yasin Əliyev, millət vəkili Ruslan Hacıyev, Almaniyada İmam Əli (ə) adına İslam Mərkəzinin sədri və Dusseldorf şəhərinin İmam Cüməsi Məhəmməd Mücahidi  mərasim iştirakçılarını təbrik edərək, çıxışlarında Həzrətin həyatından örnəklər söyləyib İmam Əlinin (ə) tarixdə əvəzsiz şəxsiyyət olduğunu qeyd etdilər.
 
Tədbirin əsas xətibi Türkiyə Cəfərilərinin dini lideri Şeyx Səlahəddin Özgündüz  Həzrət İmam Əlinin (ə) həyatı və davranışlarından tarixi nümunələr söyləyib Onun yüksək insani keyfiyyətlərindən, misilsiz örnək  xüsusiyyətlərindən geniş söhbət etdi.
 
Mərasimdə çıxışlar arasında  Səid Həsən və sonda isə Seyyid Rəhmanın  ifasında Həzrət Əli (ə) haqqında şeir, ilahi və qəsidələr söyləndi. Mərasim İmam Zaman (ə) duası ilə yekunlaşdıqdan sonra iştirakşılara bayram şirniyyatları təqdim olundu.
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru