Gürcüstan müsəlmanları etiraz bəyanatı yaydılar

Gürcüstanda aprelin 3-də İslam əleyhinə etiraz aksiyası keçiriləcəyi haqqında bir neçə gündür ki, sosial şəbəkələrdə xəbərlər paylaşılır. Bundan narahat olan bir qrup müsəlman-azərbaycanlı tələbələr bu gün Tbilisi Cümə məscidində din rəhbərləri ilə görüşüblər. Tələbələr belə aksiyaların çoxkonfessiyalı və çoxmillətli ölkəmizdə keçirilməsini yolverilməz hesab ediblər. Onlar bildiriblər ki, vətəndaşların arasında nifaq salınmasına cəhd göstərmək, yekunda əgər bu baş tutarsa, qarşudurmalara zəmin yaranacağına narahat olduqlarını bildiriblər. Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov azərbaycanlı tələbələrlə eyni fikirdə olduğunu bəyan edərək, bildirib:
“Gürcüstanda tarixən xalqlar arasında dini zəmində qarşudurma və ziddiyyət baş verməyib. Ölkə vətəndaşları milli və dini mənsubiyyətlərinə baxmayaraq, birgə dosluq və səmimiyyətlə bir-birinin inanc və əqidəsinə qarşılıqlı hörmət göstərərək mehriban yaşayır və fəaliyyət göstərirlər. Qeyd edək ki, son zamanlar Amerika və Avropanın bəzi ölkələrində İslamafobiya fonunda İslam dininin əleyhinə siyasət yürüdən müxtəlif hərəkatların təbliğatından təsirlənərək belə bir etiraz aksiyasının baş tutmasına cəhd göstərmək istəyirlər. Biz, ölkənin müsəlman vətəndaşlarının hisslərinə toxunan bu addımı pisləyir, belə nümayişlərin ölkədə olan tolerantlığa zərər vuracağını, vətəndaşlar arasında qarşılıqlı mehriban dostluq münasibətlərin soyuqlaşmasına, güvənc və etibarın itirilməsinə səbəb olacağına görə, dövlətin aidiyyatı qurumlarından nəzərdə tutulan aksiyanın qarşısının alınmasını istəyirik”.
 
Sonda tələbələr Gürcüstanın dövlət və hökumət rəhbərliyinə və ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə deyilir: “Əziz və hörmətli həmvətənlilərimiz! 
 
Nəzərinizə çatdırırıq ki, biz müsəlman-azərbaycanlı tələbələr Gürcüstanın tamhüquqlu və dövlətçilik ənənələrinə sadiq qalan vətəndaşlarıyıq. Tarixən bizim ata-babalarımız həmişə mehriban qonşuluq, dostluq və qarşılıqlı səmimiyyət şəraitində yaşayıblar. Onlar hər zaman bir-birinin inanc, əqidə və ənənələrinə sayqı və dözümlülük nümayiş etdiriblər. Amma, görünür bu ənənəyə qarşı olan müəyyən təxribatçı qruplar xoşagəlməz aksiyalara əl ataraq ölkədə dini sabitliyi pozmaq, ölkənin inkişafda olan tolerantlığını sarsıtmaq, xalqları bir-birinin əksinə qaldırmaq niyyətindədirlər. Görünür özlərini vətənpərvər kimi göstərmək istəyində olan bu şəxslər həqiqətdə nə qədər çirkin nəticəsi olacaq planlara əl atdıqlarından xəbərləri yoxdur, ya da ki, onlar məqsədli şəkildə çirkin planlar həyata keçirmək istəyən təxribatçılardır. 
 
Dünyada din adına cinayət və qırğınlar törədən terrorçu qruplaşmaların, ekstremist qüvvələrin əleyhinə etiraz aksiyalarının keçirilməsi məntiqəuyğun olduğu halda, biz sülh və barış dini olan İslam əleyhinə keçirilməsi planlaşdırılan belə nümayişləri pisləyir, dövlətimizin hüquq mühafizə orqanlarından belə üzdəniraq tədbirlərin qarşısının vaxtında alınmasını istəyirik. Biz, həmçinin xalqımızı və onun istər dini, istərsə də digər sahənin adamlarını, xüsusən gəncləri belə təxribatlar qarşısında diqqətli və ehtiyatlı olmağa çağırırıq”.
Qeyd edək ki, mart ayının 5-dən facebook sosial şəbəkəsi vasitəsi ilə “Antimiqrant və Antiİslam” etiraz aksiyasına çağırış məqsədi ilə səhifə yaradılmışdır. Həmin səhifədə bir qrup şəxlsər İslamın Gürcüstan üçün təhlükəli din olduğunu qeyd edərək, tələbələri və ictimaiyyət nümayəndələrini aprelin 3-də saat 18:00-da keçirilməsi nəzərdə tutulan etiraz aksiyasına səsləyirlər. Aksiyanın Tbilisi, Batumi və Kutaisi şəhərlərində keçiriləcəyi qeyd olunur.

Google+ WhatsApp ok.ru