Həbs edilən MTN zabitlərinin bəzilərinin adları açıqlandı

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) zabitləri həbs ediliblər. Modern.az saytı xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

 

Haqqında həbs qətimkan tədbiri seçilən şəxslərin hamısının adı bəlli deyil. “Report” onlardan üç nəfərinin adını əldə edib. Bunlar MTN-in Aparat rəhbəri Fərhad Vahabov, nazirliyin Əməliyyat-Texniki İdarəsinin rəisi Natəvan Mirvətova və polkovnik Füzuli Ələsgərzadədir.

 

Xatırladaq ki, şənbə günü ölkə başçısı İlham Əliyevin sərəncamı ilə general-polkovnik Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Media vəzifədən azad edilən sabiq nazirlə bağlı ziddiyətli xəbərlər yaymaqda davam edir. Onun gah saxlanıldığı, gah da ev dustağına məhkum edildiyi bildirilir.

Amma artıq bir şey məlumdur ki, Eldar Mahmudov MTN-nin fəaliyyətində yol verilən ciddi qanunsuzluqlarla əlaqədar işdən çıxarılıb.

 

Hakimiyyət dairələrindən Modern.az saytına verilən məlumata görə, sabah və ya biri gün Milli Təhlükəzilik Nazirliyi ətrafında baş verənlərlə bağlı Respublika Baş Prokurorluğunun rəsmi açıqlama ilə çıxış edəcəyi gözlənilir.

 

APA-nın yaydığı xəbərdə qeyd edilib ki, MTN-nin fəaliyyətində yol verilən ciddi qanunsuzluqların araşdırılması üçün Xüsusi Dövlət Mühafizə Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. İstintaq qrupuna baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi bildirilir.

 

Modern.az-ın məlumatına görə, həbs edilən Natəvan Mürsəl qızı Mirvətova MTN-in Əməliyyat-Texniki İdarəsinin rəisidir. Ona 2009-cu ilin martında ölkə başçısı tərəfindən general-mayor rütbəsi verilib. 2-13-cü ilin martında isə N.Mirvətova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

 

 

***

 

Baş Prokuror yanında Korrupsiya İdarəsi tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin 10 əməkdaşı barəsində həbs qərarı çıxarılması ilə bağlı məhkəməyə təqdimat göndərilib.


Musavat.com teleqraf.com-a istinadən xəbər verir ki, həbs qərarının çıxarılması ilə bağlı təqdimat Nəsimi rayon Məhkəməsinə göndərilib. Hazırda həmin şəxslərin barəsində həbs qərarının çıxarılması üçün proses keçirilir.


Sayt yazır ki, artıq Vəkillər Kollegiyasına da 10 vəkilin təcili məhkəməyə çağırılması üçün çağırış göndərilib. Vəkillər Kollegiyasının 14-cü hüquq məsləhətxanasından 10 vəkil həmin təqdimatla bağlı keçirilən məhkəmə prosesinə göndəriliblər.


14 saylı hüquq məshələtxanasından bildiriblər ki, burada olan vəkillər Nəsimi rayon Məhkəməsində bir qrup şəxsin barəsində həbs qərarının çıxarılması ilə bağlı prosesdə iştirak edirlər: “Günün sonu olduğu üçün bizdə ətraflı məlumat yoxdur. Buna görə də kimlərin barəsində proses keçirilir, bu barədə də məlumat verə bilmərik”.


Xatırladaq ki, Eldar Mahmudov oktyabrın 16-da Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Bundan sonra Baş Prokuror yanında Korrupsiya İdarəsi MTN-də yoxlamalara başlayıb.  musavat /

 

 

Google+ WhatsApp ok.ru