Hərbi birləşmələrdə 70 nəfər həbs olunub - Korrupsiyaya görə

Azərbaycan Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib.
 
Qurumdan Maide.az-a verilən məlumata görə, iclasda 2015-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələr müzakirə olunub.
 
Azərbaycan Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olub, hesabat dövründə qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb.
 
Hərbi prokuror deyib ki, 2014-cü ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlər və nizamnamə qaydalarının pozulması azalıb. Bununla yanaşı, ötən il bəzi növ cinayətlərin cüzi artımı qeydə alınıb.
 
Respublikanın hərbi prokurorluq orqanları tərəfindən 2015-ci ildə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görülərək bu xarakterli faktlar üzrə 70 şəxs barəsində 50 cinayət işinin istintaqı tamamlanaraq təqsirkar şəxslər məhkəmə məsuliyyətinə verilib. Cinayət törətmiş şəxslərin əməlləri nəticəsində dövlətə vurulan 790 min 503 manat məbləğində maddi ziyanın istintaq zamanı ödənilməsi təmin edilib.
 
Ötən il hərbi prokurorluq orqanları tərəfindən əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirilməsi nəticəsində axtarışda olanlardan 66 nəfər tapılıb istintaqa cəlb edilib. Təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 136 yoxlama keçirilib, nəticədə 2191 qanun pozuntusu aşkar edilib. Qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 202 təqdimat göndərilib, 227 nəfərə xəbərdarlıq edilib, 44 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 141 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 15 qanunsuz qərar ləğv olunub.
 
Xanlar Vəliyev ərazi hərbi prokurorlarından bu sahədə görülən işin səmərəliliyinin artırılmasını və ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsini tələb edib.

Google+ WhatsApp ok.ru