'Hər mal gələndə qiymətlər 30-40 qəpik artır'

'Hər mal gələndə qiymətlər 30-40 qəpik artır'

«Novoye Vremya» qəzetində «Ərzaq mallarının qiymətləri rekord vurur» sərlövhəli məqalə diqqəti cəlb edir. Yazıda son vaxtlar ərzaq mallarının bahalaşmasının səbəbləri gündəmə daşınır.
 
Müəllif yazır ki, son vaxtlar dolların sürətlə bahalaşması ərzaq mallarının qiymətinə də ciddi təsir göstərib.
 
Adının çəkilməsini istəməyən sahibkarlardan biri qəzetə deyib: «Hər mal gələndə qiymətlər 30-40 qəpik artır, əvvəllər isə rübdə bir dəfə artardı. İndi 100 manata ancaq ən zəruri ərzağı almaq olur. Artan qiymətlər təkcə alıcının cibinə ziyan vurmayıb, gəlirlər azalıb, dövriyyə aşağı düşüb».
 
Yazıda qeyd edilir ki, artıq istər Bakıda, istəsə də əyalətlərdə mal və qoyun əti bahalaşıb: «Bir ay öncə 100 manata aldığın qoyun indi 140-150 manata yüksəlib. Artıq bazarlarda mal ətinin bir kiloqramı 10 manatdır. Gördüyümüz kimi, inflyasiya ölkədə iri addımlarla irəliləyir. Hökumət isə bu inflyasiyanı cilovlaya bilmir».
 
Müəllifə görə, ərzağın bahalaşmasına daha bir səbəb ölkədəki valyuta ajiotajıdır. Dolların bahalaşması ilə bütün idxal mallarının qiymətləri də bahalaşır.
 
Yazıda qeyd edilir ki, bahalaşmaya daha bir səbəb Mərkəzi Bankın uçot dərəcəsini qaldırmaq siyasətidir. Uçot dərəcəsi faktiki 5.5 faizdən 17 faizə yüksəlib.
 
Müəllif hesab edir ki, bahalaşma bundan sonra da davam edə bilər: «Bizim «islahatçı»lar islahatı ancaq qiymət artımında görürlər. Odur ki, islahatlara yanaşma dəyişməyincə, biz təkcə bank sahəsində yox, başqa sahələrdə də heç nəyə nail ola bilməyəcəyik».
 

Google+ WhatsApp ok.ru