Hüquq müdafiəçisinin ofisi bağlanma təhlükəsi ilə üz-üzə...

Təşkilat 10 aydır icarə haqqını ödəyə bilmir; beynəlxalq təşkilatlara müraciət ünvanlanıb Arzu Abdullayeva: “Bu həqiqətdir”
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi (HVA AMK) ofisindən çıxarıla bilər. Buna səbəb təşkilatın bank hesablarının dondurulması və nəticədə icarə haqqını ödəyə bilməməsi ilə bağlıdır. 10 aya yaxındır ki, HVA AMK icarə haqqını ödəyə bilmir. 
Qeyd edək ki, son vaxtlar Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi iclaslarını burada keçirirdi. Ofisin bağlanma təhlükəsi ilə bağlı yerli və beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. 
 
Siyasi Məhbusların Monitorinq Mərkəzi bununla bağlı bəyanat yayıb. 
HVA AMK-nın rəhbəri Arzu Abdullayeva “Yeni Müsavat”a açıqlamasında yayılan xəbərləri təsdiqlədi: “Vətəndaş cəmiyyətinin fəallarına təşəkkür edirəm. Bu problemi özlərinə yaxın bildiklərinə görə. Burada yox idim. Qarabağ münaqişəsi ilə bağlı Şimalı İrlandiyada səfərdə idim. Qayıdanda mətbuatdan ilk bu xəbəri oxudum. Elşən Həsənov, Qubad İbadoğlu, Mirvari Qəhrəmanlı, Aynur İmranova və başqaları bu problemi qaldırıblar. Onlara minnətdaram. Təəssüf ki, bu həqiqətdir. Ofisin sahibi o qədər nəcib insandır ki, çoxdan qanunların düzələcəyi ümidi ilə gözləyirdi. Qrantların qeydiyyatdan keçəcəyinə ümid edirdik. Bununla icarə haqqını ödəyə bilərdik. Amma əfsuslar olsun ki, 1 il 4 aydır bu imkandan məhrumuq. Vətəndaş cəmiyyəti qrant ala bilmir, hesablar dondurulub. Heç bir yerdən dəstək ala bilmirik. 10 aydır ofis sahibinə borclu qalmışıq. Ofisin sahibi mülkünü bizə yaşamaq üçün verib. Artıq yaranan problemlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Onlar etiraz etmirlər. Amma biz də hesaba daxil olan məbləği çıxarmaq üçün icazə olmalıdır. Problem budur”.
Hüquq müdafiəçisi icarə haqqını ödəyə bilməmələri səbəblərindən də söz açdı: “Ödəmə beynəlxalq təşkilatların vasitəsilə olur. Azərbaycanda hüquq müdafiəçilərinin pul qazanmaq imkanları yoxdur. Çünki bu dövlət yox, QHT işidir. Biz yalnız qrant vasitəsilə maaş alırıq. Biznesmen? yaxud əyri yollarla pul qazanan deyilik. Qanunların dəyişməsi 1 il 4 aydır ki, bizi çətin situasiya ilə üz-üzə qoyub. Qrantlar dayandırıldı, həbslər həyata keçirildi. Təxminən may ayından etibarən bunlar baş verdi”.
 
Arzu Abdullayeva rəhbəri olduğu təşkilatdan çıxan QHT-lərlə bağlı sualımıza belə cavab verdi: “2009-cu ildən qanunların dəyişəcəyi ilə bağlı problem yaranmışdı. Ona görə də QHT-lər birləşdilər və prezidentə müraciət etdilər. Qanundakı dəyişiklərin verəcəyi mənfilər müraciətdə əsaslandırılmışdı. Bu zaman prezident Milli Məclisdə qanunlara ediləcək dəyişikliklərə dəstək vermədi. Öz imzasını qoymadı. İşlərimiz davam etdi. Vətəndaş Cəmiyyəti Müdafiə Komitəsi o zaman yaranmışdı. Orada Zöhrab İsmayıl, Rövşən Ağayev, Qubad İbadoğlu və mən hüquq müdafiəçiləri olaraq, vətəndaş cəmiyyətinin müdafiəsinə qalxmışdıq. Nəticə verdi. QHT-lərə dəyişiklik olmadı. Yalnız cüzi dəyişikliklər istisna olmaqla. Həmin vaxt qurumun daxilində 50-dən çox təşkilat var idi. Bundan sonra təşkilat daimi işləmədi. Çünki müsbət nəticələr əldə edilmişdi. Hazırda təşkilat fəaliyyətini davam etdirir. Amma 20 nəfər fəaldır. Bir çox şəxslər Azərbaycandan gediblər. Siyasi oturum axtarırlar. Bəziləri 3 və 6 aylıq, bir il müddətinə xaricə proqram əsasında oxumağa gediblər. Bəziləri də siz bildiyiniz kimi həbs olunublar”.musavat/

Google+ WhatsApp ok.ru