Hövsanda şagirdləri təhqir edən məktəb direktoru vəzifəsindən kənarlaşdırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə ilə əlaqədar məlumat yayıb.
İdarədən Trend-ə bildirilib ki, hazırda idarənin əməkdaşları sözügedən məktəbdədir.

Məsələ tam araşdırılana qədər məktəbin direktoru Qardaşxan Səlimov vəzifəsinin icrasından kənarlaşdırılıb. Məktəbin idarəolunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Məsələ bilavasitə Təhsil Nazirliyi rəhbərliyinin nəzarəti altındadır: “118 nömrəli tam orta məktəbin ətrafında baş verən hadisə zamanı dünyasını dəyişən Elmar Əliyevin ölümünün səbəbi müvafiq hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bununla bağlı əlavə məlumat veriləcəkdir. Dünyasını dəyişən Elmar Əliyevin ailəsinə dərin hüznlə başsağlığı verir və allahdan rəhmət diləyirik”.

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi sakinləri səhər saatlarında etiraz üçün ayağa qalxıblar. Etiraza səbəb 118 saylı məktəbin direktoru Qardaşxan Səlimovun 9b sinfinin şagirdlər kəskin təhqir etməsidir. Belə ki, şagirdlər bir aydır tarix müəllimlərinin olmadığını və dərslərdən geri qaldıqlarını məktəb direktorunun nəzərinə çatdırıblar. Məktəb direktoru da müəllimin xəstə olduğunu söyləyib. Bundan sonra şagirdlər heç olmasa, onun yerinə əvəzedici təyin edilməsini istəyiblər. Direktorun şagirdlərə verdiyi cavab isə bütün etik normalardan kənar olub. O, şagirdləri təhqir edib. 

Direktorun təhqiramiz cavabı qəsəbə sakinlərinin hiddətinə səbəb olub və onlar məktəb qarşısına toplaşaraq, direktorun vəzifəsindən çıxarılmasını istəyirlər. Aksiyada bir nəfər həlak olub. /

 

 

 

Google+ WhatsApp ok.ru