Şikayətçi dələduzluq edən polis əməkdaşının işdən çıxarılmasını tələb edib

KXCP Sumqayıt şəhər şöbəsinin sədri, “Gündəm xəbər” qəzetinin əməkdaşı, Sumqayıt və bölgələrdən tənqidi yazıları  “Azadlıq”da dərc edilən Şakir Məmmədovun 3 iyun tarixdə daxili işlər naziri Ramil Usubova müraciəti Daxili Işlər Nazirliyində araşdırılıb. Günahkarın cəzalandırılması üçün nazir Ramil Usubov Sumqayıt Şəhər Polis Idarəsinin rəisi general Sahib Mirzəyevə hadisənin araşdırılmasını tapşırıb.
 
General Sahib Mirzəyev də araşdırmanı müavini Süleyman Nemətova tapşırıb. Süleyman Nemətov iyunun 3-də Şakir Məmmədovu Polis Idarəsinə dəvət edib. Izahat işləri aparıldıqdan sonra şikayətçiyə günahkarın cəzalandırılacağı haqda vəd verib. 
 
1985-ci ildə Sumqayıt şəhər Icra Hakimiyyətində güzəştli ev növbəsində qeydiyyata duran Şakir Məmmədov 7 nəfər ailə üzvü ilə 12 kv. m sahəsi olan yataqxanada 1 otaqda yaşayır. Onun 2000-ci ildən aidiyyəti qurumlara mənzil problemi ilə bağlı yazdığı müraciətlər nəticəsiz qalıb. O çarəsizlikdən təkrarən 05.05.2015-ci il saat 12:00 radələrində prezidentin elektron poçt ünvanına mənzil problemi, Sumqayıt şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizovdan şikayət məzmunlu müraciət ünvanlayıb.
 
Bu müraciətdən 3 saat 19 dəqiqə sonra 05.05.2015-ci il saat 15:19-da özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Adil” adlı əməkdaşı kimi özünü təqdim edən şəxs Şakir Məmmədovun ev telefonuna naməlum nömrədən zəng edərək guya ölkə Prezidentinin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının onların evlərində 15-20 dəqiqədən sonra çəkiliş aparacağı ilə məlumatlandırıb. 
 
“Adil” adlı şəxs bildirib: “Sizə 1 həftə ərzində geniş mənzil veriləcək. Sizdən savayı 3 ailəyə də mənzil veriləcək. Sizi və həyat yoldaşınızı tezliklə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov qəbul edəcək”. MIS-dən aldıqları ailə tərkibi haqqında arayışı onlara telefon vasitəsilə oxuyaraq ailə üzvlərinin ad-soyad, təvəllüdünü onlara xatırladaraq inandıra bilib. Maraqlıdır, həmin şəxs vətəndaşa məxsus arayışı necə əldə edib?
 
Şakir Məmmədov zəng vuran şəxsdən əlaqə telefonunu istəyəndə, “Adil” ona bildirib: “Çəkiliş qrupu evinizə gələndə sizə vizitka veriləcək, orada mənim də əlaqə telefonum olacaq”. Ailə çəkiliş qrupunu gözləsə də, onlar gəlməyib. 
 
O, aldandığını anlayaraq 08.05.2015-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Təminatı xidmətinin sektor müdiri Cəfərov Umudvar Iltizam oğlunun qəbulunda olub, məsələ ilə bağlı onu məlumatlandırıb. Sektor müdiri bildirib ki, sizə mənzil verilməsi ilə bağlı hər hansı göstəriş yoxdur. 
Xatırladaq ki, 2 sentyabr 2013-cü il tarixdə Ş.Məmmədova məxsus “VAZ-2101" 50-BK-709 dövlət nömrə nişanlı  avtomobildən (”Sanon" tipli kamera, yaddaş kartı, 50 manat pul, şəxsi sənədlər) əşyalarla birlikdə MIS-dən aldığı ailə tərkibi haqqında arayış da oğurlanmışdı. Sumqayıt şəhər 1-ci Polis Bölməsində itən əşyalar 450 AZN dəyərləndirilmişdi. 
 
Hadisədən 2 ilə yaxın keçməsinə baxmayaraq itən əşyalar tapılaraq Şakir Məmmədova qaytarılmayıb. Şikayətçi güman edir ki, gizli nömrədən ev telefonuna zəng edən şəxs həmin oğurluqla əlaqəlidir və ya ölkə Prezidentinə ünvanlanan elektron poçta nəzarət edə bilir. Əslində, “Adil” adlı şəxs gizli nömrədən etdiyi zənglə iki cinayətini ifşa edib.  
 
Jurnalistin özəl kanallarla əldə etdiyi məlumata görə, gizli nömrədən evinə yalan məlumat verərək, dələduzluq edən şəxs Sumqayıt şəhər Polis Bölmələrindən birinin əməkdaşıdır. Naməlum nömrədən (Bakcell) evinə zəng edilən mobil telefonun nömrəsi də məlumdur. 
 
Artıq dələduzun kimliyi, Sumqayıt Şəhər Polis Idarəsinin rəhbərliyinə də məlumdur. Şakir Məmmədov araşdırmaları nəticəsində belə qənaətə gəlib ki, işdə adlı hallanan polis əməkdaşının cəzadan yayındırılması üçün planlar hazırlanır.
 
Şakir Məmmədov bütün hüquqi vasitələrdən istifadə edərək yalandan zəng edərək onu və ailəsini aldadan polis əməkdaşının işdən xaric olunmasına nail olacağını bildirir.

Google+ WhatsApp ok.ru