Kemerovo ticarət mərkəzində yanğın; ölənlərin sayı 64-ə çatdı

Kemerovo ticarət mərkəzində yanğın; ölənlərin sayı 64-ə çatdı

-- Ölənlər arasında `azərbaycanlı yoxdur`

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada ticarət mərkəzində yanğında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olmadığını bildirib.
 
Azərbaycan XİN bunu Rusiya Fövqəladə hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycanın Rusiyadakı səfirliyinə verilən ilkin məlumatına əsasən bildirib, qurumun mətbuat xidməti yaydığı açıqlmasında bildirib.
 
Rusiyanın Kemerovo şəhərindəki "Zimnyaya vişnya" ticarət və əyləncə mərkəzində baş verən yanğın nəticəsində azı 64 nəfərin həlak olduğu, 10-dan çox adamın itkin düşdüyü bildirilir.
 
Yanğın binanın əyləncə kompleksi olan hissəsində bazar günü təxminən saat 17:00-da (10:00 GMT) başlayıb, yerli media yazır.
 
Ticarət mərkəzinin yuxarı mərtəbəsində başlayan yanğın qurbanlarının çoxu kinoteatrlarda olanlardır.
 
Bazar günü sosial media şəbəkələrində yayımlanan videolarda atəşdən qaçmaq üçün pəncərədən tullanan insanlar görünür.
 
Xilasetmə işlərinə təxminən 660 fövqəladə heyət cəlb edilib.
 
İstintaq Komitəsinin Telegram kanalı Kemerovo ticarət mərkəzindəki yanğına görə 4 adamın saxlanıldığını bildirib.
 
Cinayət işi çərçivəsində yanğının baş verdiyi binanın icarəçisi və mərkəzə xidmət edən idarəetmə şirkətinin rəhbəri də daxil olmaqla dörd nəfər saxlanılıb və sorğulanıb, Rusiya Federasiyasının İstintaq Komitəsi bildirib.
 
Bundan əvvəl kütləvi informasiya vasitələri "Zimnyaya vişnya" ticarət və əyləncə mərkəzinin sahibi Nadejda Suddenokun saxlanılması barədə məlumat vermişdi.
 
Yanğının səbəbi hələlik məlum olmasa da, hakimiyyət araşdırma başladıldığını bildirib.
 
Yanğının baş verdiyi ticarət və əyləncə mərkəzi 2013-cü ildə açılıb. Burada kinoteatr ilə yanaşı, restoranlar, sauna, boulinq və xizək salonları da var.
 
Avstriya kansleri Sebastian Kurz və Latviya xarici işlər naziri Edgars Rinkēvičs qurbanların ailələrinə və dostlarına başsağlığı verib.(bbc)

Google+ WhatsApp ok.ru