Keçmiş dəmiryolçular etiraz aksiyasına hazırlaşır

«Hüquqlarımız bərpa edilməsə, Prezident Administrasiyasının qarşısında oturaq aksiya keçirəcəyik»

Dövlət Dəmiryolu Idarəsinin bir qrup sabiq işçisi müəyyən dövlət strukturlarına ünvanladıqları şikayət məktubunun surətini “Azadlıq”a da göndərib. Müxtəlif illərdə Dəmiryolu Idarəsinin Bakı Vaqon Deposunda vaqon bələdçisi kimi çalışan şəxslər onlara çatası pulun mənimsənildiyini yazırlar:
 
“Bakı Vaqon Deposunda uzun illər əməkhaqları düzgün hesablanmayıb və bizə ödənilməli olan pul vəsaitinin aqibəti indiyədək məlum deyil. Verilən 13-cü əməkhaqqı və maaşlar 2007-ci ildən etibarən kişi-qadın bələdçilər arasında ayrı-seçkilik salınaraq verilib və düzgün hesablama aparılmayıb. Həmin pozuntularla bağlı Bakı Vaqon Deposuna müraciət etsək də şikayətimizin bir nəticəsi olmayıb. Konstitusion hüquqlarımız Dövlət Dəmiryolu Idarəsinin aidiyyəti şəxslərinin qeyri-hüquqi hərəkətləri nəticəsində kobud şəkildə pozulub.
 
Yazılı müraciətlərimizdən heç bir nəticə hasil olmayıb. Idarədə illərdir baş verən korrupsiya hallarına, əmək müqaviləsinin kobud şəkildə pozulmasına baxan yoxdur. 2001-ci, 2008-ci və 2011-ci il tarixli prezident sərəncamına əsasən, bizə aid səyyar xarakterli işə görə çörək pulları hesablanıb verilməyib, bələdçilər isə baş verənlərə görə səsini çıxaran kimi işdən çıxarılmaq hədəsilə susdurulub. 1997-ci ildən indiyədək hazırda Sərnişindaşıma Departamentinin sədri olan Elyar Muradov, deponun rəisi vəzifəsində çalışan Rəhman Əbişov, onun iş icraçısı, müavini Hikmət Məmmədov və onlarla bəzi mühəndislər, sex rəisləri, təlimatçılar hər yerə öz adamlarını yerləşdiriblər. Gəlir əldə etmək üçün bizi məcburi şəkildə, işdən çıxarılmaq təhdidilə qanunsuz işlər görməyə məcbur edirdilər. Ailəmizə çörək pulu aparmaq üçün bəzən onların dediklərini etməyə məcbur olurduq.
 
Vaqonu olmayan dörd nəfərin hər biri 200 dollar verir və sovet dönəmindən fəaliyyət göstərən Güzdək vaqon ölüxanasından bir vaqon seçib alır, sonra da öz xərcilə gətirib depoda təmir etdirirdi. Təmir üçün hər birimizdən 800 dollar alınırdı. Ehtiyat hissələrini də özümüz alırdıq. Vaqon təmir olunandan sonra isə qatardan asılı olaraq (Moskva, Kiyev, Rostov, Tümen, Sankt-Peterburq və s.) təqribən 400-800 dollar arası verib vaqonu qatara qoşdururduq.
 
Bakıdan Moskvaya və Xarkova gedən qatarların bələdçiləri kimi bizdən hər reysə görə 100 dollar alınırdı. Bələdçilərə verilən formaya görə vəsait ayrılsa da, biz onu öz hesabımıza alırdıq.
 
Qatarın illik təmirindən tutmuş, vaqonu içindən və çöldən yudurtmağa qədər hər şeyin pulunu biz ödəyirdik. Sabun, yuyucu tozlar, sanitariya dərmanları, süpürgə və s. zəruri əşyaları da öz pulumuza alırdıq.
 
Vaqonların istismar müddəti bitir, qatarlar azalır, avtomatik yerlər boşalır və işsiz qalan insanlar etiraz etməyə başlayırdı. Nazirlər Kabinetinin qərarları, prezidentin sərəncamı neçə illərdir pozulur.
 
Dediyimiz faktlarla bağlı Baş Prokurorluq və Korrupsiyaya  Qarşı Mübarizə Idarəsinə müraciət etməyimizə baxmayaraq, heç bir tədbir görülmüş.
 
Bakı Vaqon Deposunda baş alıb gedən qanunsuzluqların araşdırılaraq təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün yardıma ehtiyacımız var. Hüquqlarımız bərpa edilməsə, 26 avqust 2015-ci il tarixində Prezident Administrasiyasının qarşısında oturaq aksiya keçirəcəyik".
 
Bələdçilərin şikayət məktubunda yazdıqları məsələlərlə əlaqədar müraciətdə adıçəkilən Elyar Muradovla əlaqə saxladıq. Elyar Muradov məktubda qeyd olunan hallar, o cümlədən pul yığımları haqda məlumatsız olduğunu deyərək, Depoda ümumiyyətlə, bu cür olayların baş vermədiyini söylədi. Onun sözlərinə görə, sabiq bələdçilərin müraciətdə səsləndirdikləri ittiham tam əsassızdır./

Google+ WhatsApp ok.ru