Kerri və Zərif Vyanada görüşür

ABŞ dövlət katibi Con Kerri ötən gecə Vyanada İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. İranın nüvə proqramı üzrə razılaşmanın əldə olunması üçün qoyulan son tarixə cəmi 4 gün qalır.
 
Kerri noyabrın 20-də Vyanada Avropa Birliyinin danışıqlarda təmsilçisi Ketrin Eştonla görüşüb.
 
Parisdə Fransa və Səudiyyənin xarici işlər nazirləri ilə danışıqlardan sonra Kerri deyib ki, dünya ölkələri razılaşma əldə olunması yolunda “birləşib”. Ancaq onu da əlavə edib ki, noyabrın 24-nə qoyulmuş son tarix yaxınlaşır və “biz vaxtın uzadılması barədə danışmırıq”. 
 
Rusiya təmsilçisi Sergey Ryabkov noyabrın 20-də RİA Novosti agentliyinə bildirib ki, danışıqlar mühiti gərgindir və razılaşma əldə etmək çətin olacaq. 
 
BMT-nin baş katibi Pan Gi Mun noyabrın 20-də tərəfləri çeviklik göstərməyə çağırıb.

Google+ WhatsApp ok.ru