Koalisiya qüvvələri mülkiləri işıqsız qoydu

Yəməndə bir müddət əvvəl hökuməti devirən xalqa qarşı Səudiyyə Ərəbistanı tərəfindən başladılan hərbi əməliyyatlar davam edir. Səudiyyə Ərəbistanı qırıcıları ötən gün növbəti dəfə paytaxt Sənada və Marib vilayətində üsyançıların mövqelərini bombalayıb.
 
Maide.az xəbər verir ki, Marib vilayətində aviazərbələr mülki insanlara da zərər yetirib - onlarla ev dağıdılıb, yüksəkgərginlikli elektrik xətləri sıradan çıxıb. Nəticədə ölkənin şimal bölgələrində enerji kəsintiləri olub.
 
Ədən şəhərində isə, bombalama əməliyyatları artıq 19 gündür ki, fasiləsiz davam edir. Şəhərdə humanitar bohran müşahidə olunur. İnsanlar ərzaq və su çatışmazlığından əziyyət çəkirlər.
 
İran rəhbərliyi münaqişələrə son qoymaq üçün ölkədə yeni hökumətin formalaşdırılmasını vacib hesab edib. Rəsmi Tehran bu istiqamətdə çağırışlar edib.
 
Husiləri təmsil edən Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Şərəf Ləqmən bildirib ki, onların Səudiyyə Ərəbistanının ölkəyə hərbi müdaxiləsinə cavabı sərt, qətiyyətli və dağıdıcı olacaq.
 
“Yəmən hərbi qüvvələri döyüşlərin harada baş verdiyini bilir. Döyüşlərimiz ölkədə Səudiyyə Ərəbistanın əli ilə icra olunan terrorizmə qarşıdır. Cavab zərbələri endirmək üçün heç kimdən icazə almayacağıq”.

Google+ WhatsApp ok.ru