Leyla Yunus məhbəs həkimlərinə etibar etmir

Vəkil Elçin Qəmbərov Bakı İstintaq Təcridxanasında məhbus hüquq müdafiəçisi Leyla Yunusla görüşüb.

“Media forum” saytına danışan vəkil Leyla Yunusa dekabrın 1-də baş çəkdiyini deyib: “Leyla Yunusun vəziyyəti sabit formada pisdir. Ümumi zəifləmə, iştahasızlıq və qusma halları müşahidə olunur. Keçmiş cərrahi əməliyyatların fəsadları özünü büruzə verir. Yerişində və danışığında çətinliklər var”.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov ötən həftə bildirib ki, Leyla Yunusa tibbi xidmətlər və müayinələr təklif olunur, lakin o bundan imtina edir.  

Vəkil Elçin Qəmbərov bu məqama toxunaraq deyib ki, Leyla Yunusun tibbi xidmətlərdən imtinası məhbəs həkimlərinə etibar etməməsi ilə bağlıdır.

Elçin Qəmbərov əlavə edib ki, aktiv istintaq hərəkətləri getmir.

Leyla Yunus iyulun 30-da həbs edilib. Dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

58 yaşlı Leyla Yunus Azərbaycan Xalq Cəbhəsinin və Sosial Demokrat Partiyasının qurucularından olub. 1992-1993-cü illərdə Müdafiə Nazirliyinin mətbuat xidmətinə rəhbərlik edib. 1994-cü ildən Sülh və Demokratiya İnstitutunun rəhbəridir. /

Google+ WhatsApp ok.ru