Tofiq Yaqublunun səhhəti yaxşılaşıb

Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun dekabrın 3-də qızı Nigar Yaqublu ilə telefonla danışıb.

Tofiq Yaqublu 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

“Media forum” saytına açıqlamasında Nigar Yaqublu deyib ki, atasının səhhəti yaxşılaşıb: “Atam hazırda özünü yaxşı hiss eləyir. Saxlanma şəraitindən şikayəti yoxdur. Dərmanlarını mütəmadi qəbul edir”.

Tofiq Yaqublu astma xəstəliyindən əziyyət çəkir. Ötən ay onun səhhəti pisləşmiş və ailəsi ona dərmanlar göndərmişdi.

Tofiq Yaqublu 2013-cü il yanvarın 23-24-də İsmayıllı şəhərində baş verən iğtişaşlara görə tutulub. Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Sentyabrın 24-də Şəki Apellyasiya Məhkəməsi bu cəzanı qüvvəsində saxlayıb.

1961-ci ildə Gürcüstanda anadan olan Tofiq Yaqublu Moskva Kooperasiya Universitetini bitirib. Milli azadlıq hərəkatının fəalıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb. Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. 2010-cu ildən partiya başqanının müavini postunu tutur. /

Google+ WhatsApp ok.ru