Leyla Yunusu həbsxanada döyüblər

Musavat.com-a Kürdəxanıda yerləşən 1 saylı İstintaq təcridxanasındakı mənbə inanılmaz bir məlumat verib. Həmin məlumatda iddia olunur ki, hüquq müdafiəçisi, siyasi dustaq Leyla Yunus həbsxana əməkdaşlarının biri tərəfindən döyülüb. Həmin əməkdaşın kişi cinsinə mənsub olduğu və mayor rütbəsi daşıdığı iddia edilir. Məlum olduğu kimi, Leyla Yunus son günlər vəkilləri ilə əlaqəyə çıxmırdı və görüşə gələ bilmədiyi xəbərini göndərirdi.  

Pentitensiar xidmətdən isə bu məlumatı təkzib etdilər. Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov musavat.com-a bildirdi ki, Leyla Yunusun saxlanma şəraitində heç bir problem yoxdur. Sitat: “Leyla Yunus insan ləyaqətinə hörməti təmin edən şəraitdə saxlanılır. Bütün məhbuslar kimi o da həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının qorunması haqqına Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada saxlanılır”.
Hüququ müdafiəçisinin döyülməsi barədə məlumata gəlincə, xidmətdən bunu da təkzib etdilər: “Hər hansı təzyiqlərdən söhbət gedə bilməz”.
Qeyd edək ki, bu məlumatı etibar etdiyimiz qaynaq bildirib. Ancaq mətbuat qanunlarına əsasən Penitensiar Xidmətin mövqeyini də qeyd etməyə vacib bildik. Lakin eyni zamanda mənbəmizin etibarlılığına heç bir şübhəmiz yoxdur. Yaxın saatlarda L.Yunusun vəkilləri ilə danışıb bu məlumata münasibət öyrənməyə çalışacağıq./


 

Google+ WhatsApp ok.ru