Liviyada gəmi girov götürüldü

Liviyada gəmi girov götürüldü

Liviyanın şərqində Türkiyəyə məxsus “Mebruka” yük gəmisi qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən ələ keçirilib.
 
Bu barədə Xəlifə Haftarın sözçüsü Əhməd Əl-Mismari məlumat verib.
 
Gəmi “qadağan olunmuş əraziyə girmək və çağırışlara cavab verməmək” iddiası ilə Ras əl-Hilal limanına aparılıb.
 
Gəminin ekipaj üzvlərinin dənizçilik qaydalarına və qanunlarına zidd hərəkət etdiyi üçün istintaq və nəzarət altında olduğu vurğulanıb.
 
Bundan əlavə, Mismari gəminin dərman daşıdığını, orada silah olmadığını etiraf etsə də, yasaq bölgəyə girdiyini deyib.
 
Digər tərəfdən, “Anadolu” agentliyinin əldə etdiyi məlumata görə, gəmi operatorları ələ keçirilən tərəflə əlaqə yaradıb və heyət üzvlərinin vəziyyətinin yaxşı olduğu bildirilib.
 
Qeyd edək ki, təyinat nöqtəsi Misrata şəhəri olan gəminin heyət üzvlərindən biri azərbaycanlıdır. Ondan başqa gəmidə doqquz türkiyəli və yeddi hindistanlı var. 

Google+ WhatsApp ok.ru