Ölkədə bahalaşma ciddiləşir: Ucuz piar iflasa uğrayır

Ekspertlər bildirirlər ki, iqtisadi subyektlərə müdaxiləyə son qoymaq lazımdır; Hökumət isə indiyədək ixrac qabiliyyətli aqrar-sanaye kompleksini yarada bilməyib

 

 
Manatın devalvasiyasından sonra ölkədə qiymət artımının inzibati yolla qarşısının alınması narazılıq doğurur. Ekspertlər isə bildirirlər ki, qiymət artımı qaçılmazdır və bahalaşma labüddür. 
 
Martın 11-də ölkənin iri istehsalçısı olan “Azersun Holdinq” də qiymətlərin bahalaşacağını təsdiqləyib. “Azersun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal manatın devalvasiyası və bu prosesin biznes sektoruna təsiri barədə fikirlərini açıqlayıb. 
 
“Marja”nın məlumatına görə, III Beynəlxalq “Caspian Energy Forum-2015”də çıxış edən Abdolbari Goozal bildirib ki, Azərbaycanda devalvasiya qəfildən baş verib: “34 faiz devalvasiya az deyil. Acını hər kəs hiss etdi. Hazırda biz də bu acını çəkirik. Təməl qida məhsullarının istehsalı üzrə “Azersun” xaricdən orta hesabla 50 faiz asılıdır. Bu, bəzi məhsullarda 60 faiz, bəzi məhsullarda isə 10 faizdir. Məsələn, duz kimi... Bunun yükünü biz və idxalçı firmalar çəkir. Bu, inşallah yavaş-yavaş düzələcək. Bu şoku Azərbaycan çox rahatlıqla keçirdi”.
 
Abdolbari Goozal qeyd edib ki, devalvasiya yerli istehsal olan məhsulların qiymətlərinin 34 faiz deyil, 15-17 faiz civarında artmasına səbəb olacaq: “Bəzi xaricdəki dostlarımız bizə zəng vuraraq, qiymətləri sabit saxladığımızı soruşurlar. Əlbəttə, devalvasiya yerli məhsulların qiymətinin artmasına öz təsirini göstərəcək. Devalvasiya, yəni manatın 34 faiz uzuclaşması yerli istehsal olan məhsullarda 100 faiz deyil, 50 faiz əks olunacaq. İdxal mallarının isə devalvasiyanın 100 faizi qədər, yəni 34 faiz bahalaşması qaçılmazdır”. 
 
Abdolbari Goozal deyib ki, Azərbaycanda tekstil və kənd təsərrüfatında böyük potensial var. Dövlət və özəl sektor bu sahələrə diqqəti artırmalıdır.
 
Ekspertlər isə bildirirlər ki, idxalda monopoliya və rüşvətin qarşısı alınarsa, əsas istehlak mallarının qiymətləri bir qədər ucuzlaşar. Onların fikrincə, ölkənin istehlak bazarında idxal mallarının qiymətinin ucuzlaşdırılması potensialı yüksəkdir. 
 
Bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yalnız mağazalarda deyil, həm də əsasən idxal prosesində monitorinqlər aparmalıdır. 
 
Qeyd edək ki, aidiyyatı qurumlar dükan və bazarlarda bahalaşmanın qarşısını almaq üçün monitorinqlər keçirirlər. 
 
Manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi fevralın 21-dən başlayaraq, gücləndirilmiş nəzarət tədbirlərini davam etdirir. 
 
Əksər ekspertlər isə bu addımı ucuz piar kampaniyası hesab edirlər. Bildirilir ki, arxasında məmurların dayanmadığı bir neçə dükanda aparılan monitorinq süni qiymət artımına qarşı mübarizə kimi təqdim edilir. 
 
Ekspertlər həmçinin qeyd edirlər ki, problemi daha da ciddiləşdirməmək üçün daha rəqabətli mühit yaratmaq və iqtisadi subyektlərə müdaxiləyə son qoymaq lazımdır. Həmçinin, ekspertlər qeyd edirlər ki, indiyədək Azərbaycan hökuməti ixrac qabiliyyətli aqrar-sanaye kompleksi də yarada bilməyib. 
 
Ekspert Rövşən Ağayevin sözlərinə görə, Rusiya gömrük orqanlarının məlumatlarından aydın olur ki, Qərbin sanksiyalarından sonra Rusiyanın boş qalan ərzaq bazarını 5-6 ölkə qazanıb: “Ət bazarını Braziliya, Paraqvay, Argentina və Belarus tutub. Meyvə-tərəvəz bazarında Türkiyə, Ekvador, Misir, İsrail və Çin üstünlük qazanıb. Süd bazarı Uruqvay, Argentina, Belarus və Qazaxıstan fermerlərinin əlinə keçib. Bizim milli statistikamızın rəqəmlərini Rusiya tərəfinin rəqəmləri ilə tutuşdurduqda məlum olur ki, boşalmış nəhəng bazardan bizə demək olar ki, heç nə düşməyib. Rusiya tərəfinin məlumatına görə, 2014-cü ildə bu ölkəyə 1,255 milyon ton ət və ət məhsulları, quş əti və ət konservləri də daxil olmaqla, idxal olunub. Bundan 266,6 min tonu, yəni 21,2 faizi MDB ölkələrinin payına düşüb. Amma Azərbaycan bu sırada yoxdur. 
 
Rusiya il ərzində 21,2 min ton süd və süd məhsulları idxal edib ki, bundan 10,3 min tonu, təxminən 50 faizi MDB ölkələrinin payına düşüb. Amma Azərbaycan bu sırada yoxdur. 
Rusiya il ərzində 84,8 min ton kərə yağı idxal edib ki, bundan 62,3 min tonu, 73,5 faizi MDB ölkələrinin payına düşüb. Azərbaycan bu sırada yoxdur. Ölkəyə 1,642 milyon ton sitrus meyvələri idxal edilsə də, Azərbaycandan idxal cəmi 25 ton təşkil edib. Bu ölkə üzrə idxalın az qala mində biri deməkdir.
 
Sitruslar istisna olmaqla, Rusiyaya yerdə qalan meyvə-giləmeyvələrin idxalı 5,5 milyon ton təşkil edib. Azərbaycandan idxal cəmi 142,6 min ton olub və bu, bütün idxalın cəmi 2,5 faizini təşkil edib. Rusiya 2014-cü ildə 2,180 milyon ton təzə tərəvəz idxal edib. Bundan cəmi 129 min tonu, yəni 5,9 faizi Azərbaycandan olub.
 
Ümumilikdə 2014-cü ildə Azərbaycandan Rusiyaya 245 milyon dollar dəyərində təzə meyvə-tərəvəz ixrac edilib. Bu, 2013-lə müqayisədə cəmi 37 milyon dollar çoxdur. Nəzərə alaq ki, Qərbin sanksiyaları nəticəsində Rusiyanın meyvə-tərəvəz bazarında təxminən 15 milyard dollarlıq boşluq yaranmışdı. Bu rəqəmin qarşısında Azərbaycandan meyvə-tərəvəz ixracanın cəmi 37 milyon dollar artımı çox kiçik göstəricidir”.
 
Ekspertin sözlərinə görə, hazırda özünün ərzaq ehtiyaclarının yarısını ancaq təmin edən Azərbaycanın Rusiyanın qida bazarında yer ala bilməsini gözləmək ciddi görünməyə bilər: “Amma ən azından yaranmış vəziyyət bir məsələni sübut etdi. Ölkəyə böyük neft pullarının daxil olduğu 10 il ərzində Azərbaycan hökuməti ixrac qabiliyyətli aqrar-sanaye kompleksi yaratmağa nail ola bilmədi. Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə son 12 ildə ayrılan 1 milyard manatdan artıq güzəştli kreditlərin azı 80 faizi aqrar-sənaye kompleksinə yönəlib, Aqrolizinq, Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, dövlət büdcəsi vasitəsilə yüz milyonlarla vəsait aqrar sektorun dəstəklənməsinə sərf olunub. Amma əldə olunan nəticə, irəliləyiş həddən artıq zəifdir. Səbəb rəqabət mühitinin olmamasıdır. Güzəştlərin əhəmiyyətli hissəsi bu rəqabəti yaradacaq kiçik və orta fermerlərin deyil, iri holdinqlərin və ya onları himayə edən və rəqabəti sevməyən iri sahibkarların gücləndirilməsinə xidmət edib. Hələ də böhranın qapımızı döydüyü, aqrar-sənaye sektoru üçün nəhəng ixrac bazarlarının yarandığı bu şəraitə hökumət kənd təsərrüfat kooperativləri, xırda və orta fermerlərin istehsalçı birliklərini, onların assosiasiyalarını dəstəkləmək əvəzinə “aqroparklar” adı altında iri fermerçiliyə arxa durur”. musavat /

Google+ WhatsApp ok.ru