'Ölkəni böhrana salanlar yox, xalq əziyyət çəkir'

'Ölkəni böhrana salanlar yox, xalq əziyyət çəkir'

«Novoye Vremya» qəzetində «Neft dollarları da xərcləndi, amma yoxsulluğun öhdəsindən gələ bilmədik» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkəyə gələn böyük neft pullarından səmərəsiz istifadədən bəhs edilir.
 
Müəllif yazır ki, artıq ölkədə bütün sadə vətəndaşlar qənaət rejiminə keçib.
 
Yazıda qeyd edilir ki, 2016-cı ildə əhali ticarət obyektlərindən 26.3 milyard manatlıq istehlak malları alıb. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 1.7 faiz çoxdur.
 
Müəllif qeyd edir ki, bu rəqəm oxucunu aldatmasın. Bu il, hələ rəsmi etiraflara görə, ərzaq malları 14 faiz bahalaşıb. Üstəlik, ötən il manat dollar qarşısında iki dəfə dəyər itirib: «Bu bahalaşma fonunda əhalinin daha çox xərclədiyi görünür, bu heç də belə deyil. Üstəlik, burada əhalinin pulu nəyə xərcləməsi əsas məsələdir».
 
Yazıda vurğulanır ki, xərclənən pulun yarısı yeməyə-içməyə gedib: «Əhali xərclərin 50 faizini ərzaq almağa yönəldib. Bu ölkə əhalisinin yoxsul olmasından xəbər verir. İnkişaf etmiş ölkələrdə ərzaq xərcləri heç bir halda ailənin istehlak xərclərinin 15 faizindən çox olmur».
 
Müəllif yazır ki, ölkəyə milyardlar gəlsə də, hakimiyyət nə iqtisadi, nə də sosial sahədə problemləri həll edib: «İndi ölkədəki böhran problemlərin inkar edilməsinin real nəticələridir. Hazırda isə buna görə əziyyət çəkən ölkəni bu istiqamətə aparanlar yox, sadə vətəndaşlardır».
 

Google+ WhatsApp ok.ru