Məhkumun ölümü 14-cü “zon”da yeni amansızlıqlara meydan açıb

Məhkum anası: “Oğlumu döyüblərsə də mənə göstərsinlər”

“Mən övladımı görmək istəyirəm. Oğlumu döyüblərsə də mənə göstərsinlər. Görüş istəyirəm, deyirlər heç cür olmaz. Kimə şikayət edək, dərdimizi kimə deyək bilmirik” - bu sözləri “Yeni Müsavat”a məhkum Anar Qasımlının anası Kimyaxanım Qasımlı deyib. Bildirib ki, oğlu hicab aksiyası zamanı həbs olunduqdan sonra 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək 14 saylı cəzaçəkmə müəssisəsinə göndərilib: “Ora getdik, dedilər ki, Anarı Binə qəsəbəsindəki Vərəmli Məhbuslar üçün İxtisaslaşmış Müalicə Müəssisəsinə göndəriblər.

Gəlmişik bura. Anarı niyə bura göndəriblər bilmirik. O, sağlamdır. Onunla sonuncu dəfə dekabrın 6-da görüşmüşük. Əhvalı yaxşı idi. Gəlmişəm bura, rəis Nizami Cavanşir oğlu Quliyev deyir ki, görüş verə bilmərəm. Səbəbini soruşuram, cavab verdi ki, oğlun karsdadır. Deyirəm, məgər 14 saylı zonda kars yoxdur? Niyə onu buranın karsına gətiriblər? Cavab vermir. Mənim oğlum sağ-sağlam həbs olunub. Onun heç bir xəstəliyi yoxdur”.

14 saylı cəzaçəkmə müəssisəsində dekabrın 22-də məhkumlar qiyama qalxıblar. Onları bu addıma sövq edən məhkum Elşad Babayevin işgəncələrlə öldürülməsi olub. Aksiyadan sonra müəssisədə vəziyyət mürəkkəb olaraq qalır. Musavat.com-a çatan son məlumata görə, həbsxana rəhbərliyi məhbus ölümündə işçilərin əvəzinə məhkumları cəzalandırır. Gələn xəbərlərə görə, hicab məhbusları - cenubnews.com internet qəzeti xəbərinin müəssisədə cəza çəkən təsisçi-baş redaktoru Araz Quliyev, Anar Qasımlı və bir neçə məhbus digər müəssisəyə köçürülüblər. Belə məlumat var ki, həmin müəssisəyə məhkumlar xüsusi olaraq aparılır və döyülürlər.

Digər məlumatda deyilir ki, karsa salınan məhbuslar arasında dindar Rza Ağalı da var. Masallı rayonunda olan  R.Ağalı 7 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda müəssisəsdə araşdırmalar davam edir. Bundan sonra da etiraz aksiyasında iştirak edən digər məhkumların “kars”a salınacağı gözlənilir. Əsasən müəssisənin “işverən” məhkumları öldürülən məhkum Elşad Babayevin ətrafında olmuş məhbusların üzünə durur və bundan sonra həmin məhkumlar cəza kamerasına salınır. Yayılan məlumatlarda məhkum Elşad Babayevi işgəncə ilə öldürməkdə müəssisənin 5 nəzarətçisinin adı çəkilir - Firdovsi, Faiq, Rahid, İsmayıl və Vüqar. Bu şəxslər qiyamdan sonra müəssisəyə getmirlər.

Rza Ağalının qardaşı Bəxtiyar Ağayev islamazeri.az-a deyib ki, qardaşını da E.Babayev kimi öldürə bilərdilər. B.Ağayev bildirib ki, qardaşı artıq 2 il 4 aydır ki, həbs olunduğu müddət ərzində demək olar ki, kars həyatı yaşayıb: “Rzanın həyatı ”kars"larda çürüyür. Onu həbs olunduğu müddət ərzində hər zaman karsa salıblar. O, hər dəfə həbsxanada azan vaxtı azan verdiyi üçün cəza kamerasına salınıb. Hətta qardaşıma o qədər işgəncə veriblər ki, ciyərlərinə su gəlib. Bu an onun sağlamlığı təhlükədədir. Amma bütün bunlara baxmayaraq, Rza şikayət etməyimizi istəmir. Onu da deyim ki, heç kim Rzaya və onun timsalında digər mömin məhbuslara təzyiq göstərə bilməz. Onlar birbaşa Allaha bağlı olan insanlardır".

14 saylı CM-də məhbus həyatı yaşayan jurnalist Araz Quliyevin qardaşı da nigaran olduğunu bidlirib. Azər Quliyev deyib ki, həbsxananın hansısa bir nadzoru məhkumu döyüb öldürürsə, o, cəza çəkməlidir.

Xatırladaq ki, dekabrın 22-də 31 yaşlı məhkum Elşad Babayev həbsxananın 5 nadzoru - Firdovsi, Faiq, Rahib, İsmayıl və Vüqar tərəfindən işgəncə ilə öldürülüb. Bundan sonra həbsxanadakı məhkumlar baş verən haqsızlığa qarşı etiraz ediblər. E.Babayevin bacısı S.Babayeva qardaşının ölümündə suçu olan hər kəsin cəzalandırlmasını tələb edir.
E.Babayevin dünyasını dəyişməsi faktına görə Qaradağ Rayon Prokurorluğunda cinayət işinin başlanıldığı bildirilir. Bu günə qədər prokurorluq orqanları olayla bağlı rəsmi məlumat verməkdən çəkinirlər. Bu isə baş vermiş cinayətin ört-basdır edilməsi haqda müzakirələrə yol açıb. musavat /

 

Google+ WhatsApp ok.ru