Nazirdən Bakı kəndlərinə işləyən avtobuslara qadağa

Dərnəgül prospektindən və kəndlərdən gələn marşrutların “Koroğlu” metrosuna girişi qadağan ediləcək; Avropa Yay Oyunlarına görə sərnişinlərin 16 günlük məşəqqəti başlayır...

Nəqliyyat Nazirliyi iyun ayında Bakı kəndlərinə işləyən marşrutlara məhdudiyyət tətbiq edəcək. Belə ki, metronun “Koroğlu” stansiyasından kənd və qəsəbələrə hərəkət edən avtobusların bu əraziyə girişi qadağan olunacaq. Avropa Yay Oyunları ilə əlaqədar nazirlik sözügedən massivdə marşrutların dayanmasına icazə verməyəcək.
Eyni qayda iyunun 12-dən 28-dək Ayna Sultanova heykəli istiqamətindən Dərnəgül yoluna da şamil olunacaq. Kəsəsi, Avropa oyunları günlərində yarışma keçirilən əraziyə avtobuslar işləməyəcək. Dərnəgül prospektində avtobus dayanacaqlarının tikilməməsi də marşrutların həmin ərazidən keçməyəcəyinə sübutdur. Artıq nazirlik iyunun əvvəlində bu qeyri-rəsmi qərarı reallaşdıracaq və tədbir yekunlaşandan sonra yenidən ictimai nəqliyyatda həyat öz axarına düşəcək.
Yeri gəlmişkən, indidən Bakı kəndlərinə işləyən avtobusların “Koroğlu” metrosunun qarşısından yığışdırılmasına başlanıb. Bir neçə gündür ki, nəqliyyat müfəttişləri sürücüləri metronun qabağındakı dayanacaqda avtobusları saxlamağa qoymur. Hətta ilk günlərdə bu məsələ sürücülərlə Nəqliyyat Departamenti əməkdaşları arasında mübahisəyə səbəb olub. Ancaq nazirliyin qərarı dəyişməzdi və avtobuslar yalnız “Koroğlu” körpüsünün altında saxlana bilər.
Odur ki, sərnişinlər metrodan çıxıb əvvəlki kimi dərhal marşruta minə bilmirlər. Bunun üçün bir az məsafə qət edib körpünün altına getmək lazımdır. Nəqliyyat müfəttişləri bunu ərazidə sıxlığın yaranması ilə izah ediblər. Onların sözlərinə görə, bu qayda axşam saatlarına qədər qüvvədədir və 8:00 radələrindən sonra metro qarşısında avtobus saxlamağa imkan verilir.
Sürücülərin dediyinə görə, bu qərar onlardan daha çox, sərnişinləri narazı salıb. Çünki körpünün altına qədər piyada getmək lazımdır. Sürücülər danışır ki, bu proses indidən başlanıb və iyunda, ümumiyyətlə, kənd avtobuslarının “Koroğlu”da dayanması yasaqlanacaq. Onların məlumatına görə, hələlik metronun “Qara Qarayev” stansiyasının qarşısının son duracaq kimi istifadə olunması nəzərdə tutulub.
Bununla belə, qərar dəyişə bilər və yeni trayektoriya kimi Bakıxanov qəsəbəsi seçilə bilər. Bu isə öz növbəsində həm sürücülər, həm sərnişinlər üçün 16 günlük əməlli-başlı işgəncə deməkdir. Həm vaxt itkisi, həm tıxaclar, həm yolun uzadılması şəhər əhalisinə cəhənnəm əzabı yaşadacaq. Sürücülər danışırlar ki, onlara hələlik heç bir xəbərdarlıq olunmayıb, amma az-çox bu haqda eşidiblər.
“Yevrovijn keçiriləndə də belə olmuşdu. Şəhəri təmizlədilər, köhnə taksiləri, avtobusları mərkəzə buraxmadılar. Bu il də olimpiya stadionu tərəfində marşrut buraxmayacaqlar. Ancaq o vaxt heç bir tıxac olmamışdı. İstəyəndə edirlər. Düzü, bizə heç nə deməyiblər. Guya biz kimik ki, nə desinlər. Yarışa 5-10 gün qalmış gəlib tələb edəcəklər ki, gedin burdan, filan yerdə saxlayın. Bura Azərbaycandır, hər variant mümkündür”, - deyə 136 saylı marşrut avtobusunda işləyən sürücü şikayətlənir.
100 nömrəli marşrutda çalışan sürücülərdən biri isə deyir ki, onlara əslində “Qara Qarayev” sərf edir: “Biz onsuz da axşam vaxtı, pik saatlarda ”Koroğlu" metrosunun qabağına gəlmirik. Gəlib körpüdən qalxırıq, düz Qarayevə qədər sürürük. Ordan da sıxlıq olmasa dönüb təzədən qayıdırıq, olsa metronun yanında saxlayırıq. Çünki tıxac olur, çıxa bilmirik. Əgər iyunda bizə desələr, ora gedin, heç pis olmaz. Körpünü qalxdın, 5 dəqiqəyə problemsiz çatırsan. Belə baxanda “Koroğlu” dəlixanadır".
Yada salaq ki, Nəqliyyat Nazirliyində Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Metropoliteninin və “Bakı - 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Azərbaycana 1500 ədəd yeni sərnişin avtobusları gətiriləcəyi planlaşdırılıb. Bu avtomobillərin Avropa Yay Oyunlarına qədər gətirilməsi nəzərdə tutulub. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov qeyd edib ki, bu avtobuslar əsasən Cənubi Koreya və Türkiyədən Azərbaycana gətiriləcək. musavat /






 

Google+ WhatsApp ok.ru