Məhbuslardan son məlumatlar...

Leyla Yunusun gözündəki problem daha da ciddiləşib; Rauf Mirqədirov və Sirac Kərimli ilə bağlı apellyasiya şikayəti veriləcək; Nemət Pənahlının səhhətindəki problemlər davam edir
 
Müsavat başqanının həbsdəki müavini Fərəc Kərimlinin aprelin 15-də keçiriləcək məhkəməsi təxirə salınıb. Buna səbəb hakim Rauf Əliyevin atasının vəfat etməsidir. Proses növbəti həftə olacaq.
 
Bu barədə musavat.com-a başqan müavininin vəkili Nemət Kərimli məlumat verib: “Hakimin atasının vəfat etməsi ilə bağlı proses təxirə salındı. Gələn həftə məhkəmə olacaq”.
 
Vəkil Sirac Kərimliyə verilən hökmdən apellyasiya şikayəti verdiklərini də qeyd etdi: “Hökm qərarından apellyasiya şikayəti artıq verilib. Yəqin ki, ya aprelin axırı, ya da mayın əvvəlinə kimi baxılacaq”.
 
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun gözündə yaranan problemlər davam edir. Hüquq müdafiəçisinin vəkili Elçin Qəmbərov problemin intensiv hal aldığını bildirdi: “Əsas problemi gözü ilə bağlıdır. Göz pərdəsi qaralır. Həkimlərin rəyinə görə, bu, orqanizmin zəifləməsi nəticəsində baş verib və müalicə olunmaqla əmələ gələsi məsələ deyil. Yalnız orqanizm düzələrsə, pərdə itə bilər. Vaxtı ilə Leyla Yunus hər iki gözündən əməliyyat olunub. Ədliyyə Nazirliyinin həkiminin müayinəsinin xeyri oldu. Müəmma var idi. Bu, aradan qaldırıldı. Həbsxana şəraitində öz səhhətinin qeydinə qalmaq imkanları məhduddur. Amma yenə çalışırıq ki, Leyla xanım öz qeydinə qalsın. Orqanizmin bərpa olunması üçün səylər göstərməliyik. Çünki qarşıda məhkəmə, ağır günlər durur. Saxlanma şəraitindən heç bir şikayətimiz yoxdur. Sovqatların qəbulunda problemlər yoxdur. Hazırda istintaq gedir. Səbirsizliklə məhkəmə prosesini gözləyirik”.
 
Müsavat başqanının həbsdəki müavinlərindən Tofiq Yaqublunun qəzet problemi həllini tapmır. Neçə aylardır ki, başqan müavini mətbuat üzünə həsrətdir. Onun qızı Nigar Yaqublu Ombudsmana müraciətin də nəticəsiz qaldığını qeyd etdi: “Atamla telefonla danışdım. Hər şey qaydasındadır. Amma qəzet problemi hələ də həll olunmamış qalır. Heç bir dəyişiklik yoxdur. Ombudsman Aparatından dedilər ki, müəssisə rəhbərliyinə məlumat verilib. Problem həll olacaq. Amma sonra məlum oldu ki, qəzetləri yalnız həftədə bir dəfə, bir saat oxumaq icazəsi verilib. Aydındır ki, bu müddətdə oxumaq mümkün deyil. Həbsxananın qayda-qanunları var”.
 
Müsavat başqanının daha bir həbsdəki müavini Yadigar Sadıqovun gələn həftə həbs cəzasının yarısının tamamlanması ilə bağlı azadlığa çıxmaq üçün etdiyi müraciətinə baxılacaq. Y.Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Elman Fəttah məhkəmə qərarına inanmadıqlarını bildirdi: “Yadigar bəyin səhhəti qənaətbəxşdir. Telefonla danışmışıq. Mütəmadi əlaqələrimiz davam edir. Gələn həftə onun həbsinin ½ hissəsinin tamam olması ilə bağlı müraciətinə baxılacaq. Ədalətli qərar olacağına inam yoxdur. Avropa Məhkəməsinə şikayət artıq göndərilib. Yaxın zamanlarda iki mətbuat orqanında müsahibələri davamlı olaraq, çıxacaq”.
 
“Ayna Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbs müddətinin artırılması ilə bağlı apellyasiya şikayəti veriləcək. Vəkil Fuad Ağayev onunla görüşüb: “Elə bir xüsusi yenilik yoxdur. Qanunsuz həbs müddəti uzadıldı. Əvvəllər olduğu kimi... İstintaq qrupunun düşüncələri ilə bağlı hər hansı bir fikir yürütmək istəməzdim. Bəzən onlardan elə original addımlar çıxır ki, əvvəlcədən görmək çətin olur. İstintaqın gedişatı barədə bir yenilik yoxdur”.
 
Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının səhhəti ağır olaraq, qalmaqda davam edir. Partiya sədrinin həyat yoldaşı Həcər Pənahlı onunla telefon vasitəsilə əlaqə saxladıqlarını söylədi: “Görüş müddətinə hələ çox var. Telefonla danışırıq. Səhhəti əvvəlkindən daha da pisdir. Müsbət heç nə yoxdur”.
 
NİDA-çı gənc Rəşadət Axundovun həyat yoldaşı Türkan Hüseynova mayda gözlənilən əfvdən danışdı: “Rəşadət mayda olacaq əfv barədə eşidib. Amma konkret bir fikri yoxdur. Əfvə düşə də bilər, düşməyə də... Özünün vəziyyəti yaxşıdır”.
 
Daha bir NİDA-çı gənc Ömər Məmmədovun atası Əlyar Məmmədov mayda veriləcək əfvdə övladının azadlığa çıxacağına inanmır: “Ömər daim deyir ki, hər şey yaxşı olacaq. May ayındakı əfvə inanır. Amma biz inanmırıq. Şəxsən valideyn kimi, inanmıram. Çoxlu səbəblər var. Bunlar görəsən, fikirləşirlər ki, 18 yaşlı uşağı həbsxanaya atmaq olmaz?” musavat/

Google+ WhatsApp ok.ru