Məhkəmə Yalçın İmanovun şikayətini Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərib

Məhkəmə Yalçın İmanovun şikayətini Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərib

Oktyabrın 19-da 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi hüquqşünas Yalçın İmanovun Azərbaycan Vəkillər Kollegiyasının onun vəkillik fəaliyyətinə xitam verilməsi barədə çıxardığı qərarın ləğv edilməsi ilə bağlı müraciətini baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkməsinə göndərib.
 
Məhkəmə belə qərardad qəbul etməsinə səbəb kimi İmanovun Sumqayıt şəhərində yaşadığını əsas gətirib. Bu barədə Turan-a İmanov özü bildirib.
 
"Əsas məsələ müraciətimə hansı məhkəmənin baxması deyi, mahiyyəti üzrə baxılmasıdır", deyə İmanov qeyd edib.
 
Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyəti 2017-ci il noyabrın 20-də Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılması barədə qərar verib və onun vəkillik fəaliyyətinə xitam verilməsi üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
 
Səbəb kimi həmin ilin avqust ayında Penitensiar Xidmətin rəis əvəzi olmuş Oqtay Məmmədovun ondan şikayəti göstərilib.
 
Yalçın İmanov Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun ona təqdim etdiyi yazılı izahata və Qobustan həbsxanasında müvəkkilinin üzərində gördüyü xəsarətlərə əsaslanaraq mətbuata onun işgəncəyə məruz qalmasından danışıb.
 
Bu il fevralın 21-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində Yalçın İmanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərarın təsdiqlənməsi məsələsi üzrə ilkin baxış olub. Məhkəmə ilkin baxış zamanı İmanovun Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvi barədə qarşılıqlı iddiasını icraata götürməyib.
 
Bundan sonra Yalçın İmanov Gəncə Apellyasiya Məhkəməsinə şikayət verib. Aprelin 17-də Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
 
Sentyabrın 26-da isə Ali Məhkəmə hüquqşünasın şikayətini təmin etməyib, Gəncə Apellyasiya Məhkəməsinin qərardadını qüvvədə saxlayıb.
 
Məhkəmələr İmanovun Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşılıqlı iddiasını icraata götürməməsinin səbəbini müstəqil tələb olması ilə əsaslandırıb. Bunu nəzərə alan hüquqşünas 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət edərək Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 20 noyabr 2017-ci il qərarının ləğvini istəyib.
 
İmanov şikayətində göstərir ki, onun vəkillik fəaliyyətinə xitam verilməsinə heç bir hüquqi əsas yoxdur.
 
Hazırda Yaçlın İmanovla bağlı iki məhkəmədə iş var. Birinci iş Vəkillər Kollegiyasının Rəyasət Heyətinin onun vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətidir. Bu iş üzrə artıq sentyabrın 26-da Ali Məhkəmə hüquqşünasın şikayətini təmin etməyib, Gəncə Apellyasiya Məhkəməsinin qərardadanı qüvvədə saxlayıb.
 
İkinci iş isə İmanovun şikayəti üzrə işdir, baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkməsinə göndərilib.
 
Beynəlxalq Vəkillər Assosiasiyası İnsan Hüquqları İnstitutu (IBAHRI) vəkilin kənarlaşdırılmasını pisləyib və hakimiyyəti onun hüquqlarını təmin etməyə çağırıb. /contact.az/
 

Google+ WhatsApp ok.ru