Masallıda evlərə qənim kəsilən oğrular tapılmır

Bir neçə gündür Masallı rayonunda kütləvi oğurluq hadisəsi baş verir. Maide.az-ın "Cenubnews"a istinadən verdiyi məlumata görə, rayonun Boradigah qəsəbəsində son günlər oğurluq hadisəsi adi hal alıb. Belə ki, oğrular sahibsiz olan evləri xüsusi olaraq seçib evdə olan qiymətli əşyaları talan edirlər.
 
Ev sahibləri nə qədər polisə şikayət etsələr də evlərə qənim kəsilən oğrular tapılmır.
 
Artıq adıçəkilən qəsəbədə 10-dan çox oğurluq hadisəsi baş verib.Sonuncu oğurluq hadisəsi Boradigah qəsəbə sakini Nurəngiz adlı qadının evində baş verib.Oğrular qadının evdə olmadığını görüb evə daxil olaraq qızıl zinət əşyalarını və pulu götürərək yoxa çıxıblar.
 
Hüquq-mühafizə orqanları oğurluq edilən evlərə baş çəksələr də, bunun bir nəticəsi olmayıb.
 
Kənd sakinləri bildirirlər ki, son günlərdə bir neçə belə, üstü açılmayan oğurluq hadisələri baş verib.Kənd camaatı həmçinin qorxu içində olduqlarını, bu hadisələrin onların da başına gələcəklərini güman edirlər. 
 
Qeyd edək ki, Masallı rayonun Ərkivan qəsəbəsində baş verən tükürpədici cinayətin üstü hələ də açılmayıb.Nəzərinizə çatdıraq ki, bu ilin yanvar ayının 25-i gecə saat 03:30 radələrində rayounun Ərkivan qəsəbə sakini, 43 yaşlı İlqar Çiləxan oğlu Məmmədov və onun həyat yoldaşı, 35 yaşlı Qərənfil Tofiq qızı Məmmədovaya üç nəfər maskalı şəxs küt alətlə xəsarət yetirərək pul tələb ediblər.Cinayətkar dəstə evdəki uşaqların əl-ayağını, ağzını bağlayıb, onlara da fiziki güc tətbiq ediblər. 
 
Maskalı şəxslər ev sahibəsinin qızıl boyunbağını, üzüyünü, evdə olan 2 mobil telefonu və daha bir neçə qiymətli əşyanı qarət edərək, aradan çıxıblar. Ev sahibləri ağır bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.Həmən ünvanda yaşayan ev sahibləri xəstəxanadan evə buraxılsalarda yaşadıqları evə qorxudan gedə bilmirlər.Sözügedən qorxulu cinayət hadisəsini törədən maskalı oğrular hələ də tutularaq istintaqa təhvil verilməyib.
 
Onu da qeyd edək ki, bir müddət öncə Masallı rayonunda xeyli oğurluq hadisəsinə səbəb olan dəstə üzvləri həbs edilib.Belə ki, dekabrın 20-də gecə saat 01 radələrində rayonun Çayqıraq kənd sakini Şöhrəddin Məmmədovun evinə gizli yolla qanunsuz daxil olub oradan ümumi dəyəri 5130 manat olan məişət texnikası oğurladıqdan sonra cinayətin izini itirmək məqsədi ilə evi yandırmaqla ev sahibinə 200 min manat məbləğində ziyan vuran, həmçinin 2013-cü ilin fevral ayında rayonun Öncəqala kənd sakini Adışirin Məmmədovun, 2014-cü ilin oktyabrında Bədəlan kənd sakini Səlimə Kərimovanın, həmin ilin noyabr ayında Qızılavar kənd sakini Hafizə Ağayevanın və Çayqıraq kənd sakini Cavid Əhmədovun, bu ilin yanvarında Bədəlan kənd sakini Elman Abıyevin, fevral ayında isə Kolatan kənd sakini Rafət Cəbiyevin evlərinə qanunsuz yolla daxil olmaqla onlara məxsus qiymətli məişət texnikası və müxtəlif avadanlıqları gizli yolla talayaraq ev sahiblərinə killi miqdarda maddi ziyan vuran Masallı rayon sakinləri - əvvəllər qəsdən adam öldürdüyünə görə məhkumluq həyatı yaşamış Zaman Hüseynzadə, Məhəmməd Tahirov, Asim Əzizov və Bəxtiyar Kərimov Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

Google+ WhatsApp ok.ru