Masallıda seçkidən sonra polislə münaqişə olub

“Biz məntəqədə səsləri saydıq. Namizədlərin adını protokollara köçürəndə polis içəri girdi. Seçki qutularını götürmək istəyirdi, biz də buna imkan vermədik. Aramızda münaqişə baş verdi”.

Bunu 69 saylı Cəlilabad-Masallı-Biləsuvar DSK-nın 26 saylı məntəqəsindən Təklə kənd bələdiyyəsinə keçmiş namizəd Səmədağa Həmidov AzadlıqRadiosuna deyib.

Onun sözlərinə görə, seçkidən sonra seçki məntəqəsində səslər sayılıb yekunlaşan ərəfədə 50-yə yaxın polis içəri girib və istəyib ki, seçki qutularını aparsın:

 “Bir neçə məntəqədən seçki qutularını yığa-yığa gəlmişdilər, amma bizim məntəqədə camaat buna etiraz etdi. Araya dava düşdü. Mənim qolumu əzdilər. Bütün bunların hamısını çəkmişik, üzünü də çoxaldıb yaymışıq”.

Olayın şahidlərindən biri, kənd sakini Elvin Qubadov da deyir ki, polislərlə əlbəyaxa baş verib və səbəbi də onların seçki məntəqəsinə girməsi, seçki qutularını aparmaq istəyi olub.

69 saylı Cəlilabad-Masallı-Biləsuvar DSK-nın sədri Məmməd Abbasov AzadlıqRadiosuna belə bir olayın baş vermədiyini deyir:

“Polisin seçki məntəqəsinə girməyə, seçki qutusunu götürməyə ixtiyarı yoxdur. Təklədə də heç kim seçki qutusunu götürməyib”.

Masallı polisi də Təklə kəndində polislə bəzi sakinlər arasında qarşıdurma baş vermədiyini, kənd sakinlərindən saxlanan olmadığını deyir. azadliq.org /

 

Google+ WhatsApp ok.ru