İran nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub

 İran dövlətinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.

SalamNews-un məlumatına görə, ATU-nun rektoru, akademik Əhliman Əmiraslanovla görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin, İran XİN-in Xaricdə Yaşayan İranlılarla İş üzrə İdarəsinin rəisi Seyid Kazım Səccadi, İran səhiyyə nazirliyinin dəyərləndirmə idarəsinin müdiri cənab Əkbəri iştirak ediblər.

ATU-nun rektoru Əhliman Əmiraslanov qonaqları salamladıqdan sonra universitetdə təhsilin səviyyəsi, tədrisin strukturu haqqında ətraflı məlumat verib. Qeyd olundu ki, artıq rəsmən 85 yaşına çatan ATU Azərbaycanda yeganə tibb və əczaçı kadrlar hazırlayan universitetdir.

Akademik İrandan gələn tələbələrdən razı qaldıqlarını da bildirdi: “Son vaxtlar Elmi Şuranın iclaslarında onlar haqqında yüksək fikirlər daha çox eşidirəm. Zəif tələbələrin sayı xeyli azalıb”.

İrandan gələn nümayəndə heyətinə sədrlik edən Səfir Möhsün Pakayin də öz növbəsində iranlı tələbələrə yaradılan şərait üçün ATU rəhbərliyinə təşəkkürünü bildirdi. İran XİN-in təmsilçisi Seyid Kazım Səccadi isə xarici ölkələrdə, o cümlədən Azərbaycanda təhsil alan iranlı tələbələri narahat edən məsələlər haqqında məlumat verdi.

Görüşün sonunda İran Səhiyyə Nazirliyi ilə Azərbaycan Tibb Universiteti arasında əlaqələrin möhkəmləndirilməsi, təhsil sahəsində bəzi məsələlərin nizamlanması məqsədilə əməkdaşlıq sazişi imzalanması haqqında razılıq əldə olunub. /

 


 

Google+ WhatsApp ok.ru