Masazır sakinlərinin şikayəti

Masazır sakinlərinin şikayəti

«Bizim Yol» qəzeti Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin sakinlərinin «Qəsr» Mənzil-Tikinti Kooperativinin fəaliyyətindən narazılığını nəzərə çatdırır.
 
«Tikinti şirkəti Masazırda böyük narazılıq yaradıb» sərlövhəli məqalədə şirkətin tikməkdə olduğu çoxmərtəbəli binanın insanların həyatına təhlükə yaratdığı bildirilir.
 
Sakinlərin demələrinə görə, bina Şollar su kəmərinin üzərində inşa edilir. 
 
Vəkil Vamiq Şükürov qəzetə deyib ki, hüquqlarını müdafiə etdiyi 74 ailə «Qəsr» Mənzil-Tikinti Kooperativinə qarşı «inşaat işlərinin şəhərsalma və tikinti qaydalarına əməl etməməklə aparılması» iddiası ilə məhkəməyə müraciətə hazırlaşır: «Binanın yaşayış sahələrinə yaxın, hətta bir neçə həyət evinə bitişik tikilməsi ən böyük təhlükə mənbəyidir. Külək əsən zaman istifadə olunan tikinti materiallarının tozu və qırıntıları həyətlərə tökülür. Görülən işlərin səs-küyü yerli əhalinin evinin içindədir. İstirahət günlərində, gecələr də daxil olmaqla, tikinti işləri aparılır».
 
Məqalədə qeyd edilir ki, qəsəbədə kanalizasiya sistemi olmadığına görə sakinlər boruları kəndin kustar üsulla hazırlanmış kanalizasiyasına birləşdiriblər. Ərazidə 3 yaşayış binasının tikilməyə başlanmasından sonra qəsəbədə kanalizasiya xətlərinin sıradan çıxdığı, çirkab sularının küçələrə axdığı bildirilir. 
 
«Qəsr» Mənzil-Tikinti Kooperativinin sədri Arif Pirnəzərov isə «Bizim Yol»a bildirib ki, yaşayış kompleksinin tikintisinə 2013-cü ildə start verilib: «Tikinti olan sahədə müəyyən narahatlıqlar olub. Bunun təkrar olunmaması üçün mərtəbələr artdıqca mühafizə tədbirləri görülür. Biz bunun qarşısını almağa çalışırıq. Elə hazırda «setka» çəkirik». 
 
A.Pirnəzərov deyib ki, yaşayış binasının Şollar su kəmərinin üzərində tikilməsi iddiası isə həqiqətəuyğun deyil. /
 
 

Google+ WhatsApp ok.ru