Müdafiə naziri Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin əsaslı təmirdən çıxan gəmilərində olub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin əsaslı təmirdən çıxaraq daha güclü mühərrik və qurğularla təmin edilmiş gəmilərində olub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Maide.az-a verilən məlumata görə, hərbi gəmilərin daimi yerləşmə məntəqəsinə gələn müdafiə nazirini Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov qarşılayıb və gəmilərin hazırlığı barədə məruzə edib.
 
Hərbi gəmilərin taktiki-texniki xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələri, komanda məntəqələri, o cümlədən təhlükəsizlik, qəza-xilasetmə, maddi-texniki təminat bölmələri barədə müdafiə nazirinə məlumat verilib. Bildirilib ki, gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili, vaxta xidmətinin aparılması, həmçinin həyati vacib digər qurğular yenidən təşkil edilməklə şəxsi heyətin müasir standartlara cavab verən şəraitdə xidmət keçməsi təmin olunub.
 
Sonra gəmilərin daimi yerləşmə məntəqəsindən dənizə çıxışı həyata keçirilib. Tapşırığa əsasən şərti terrorçuların ələ keçirdiyi gəminin şəxsi heyətinin xüsusi təyinatlılar tərəfindən azad edilməsi elementi icra olunub.
 

 

Google+ WhatsApp ok.ru