Mehman Hüseynov sərbəst buraxılıb

Bazar ertəsi səhər Bakı hava limanında saxlanılan bloqer Mehman Hüseynov axşamüstü sərbəst buraxılıb.
 
“Ağır Cinayətlərə Dair İstintaq İdarəsində mənə müstəntiq dedi ki, bundan sonra ölkəni tərk edəndə mənə müraciət etməlisən. Bununla mənə təzyiq edirlər və incidirlər”, Hüseynov BBC Azərbaycancaya deyib.
 
Onun sözlərinə görə, Bakı hava limanında saxlanılan zaman ölkədən çıxışına Baş Prokurorluğun qadağa qoymadığı məlum olub.
 
“Mənə dedilər ki, sistemdə adım, soyadım yazılanda ağ vərəq çıxır. Mənim Baş Prokurorluğa etdiyim müraciətə cavab gəlib ki, ölkəni tərk etməyinə etiraz etmirik. Sonra Səbayıl Rayon Polis İdarəsində 4 saat dindiriləndə mənə sual verdilər ki, bunu istintaqdan yayınma kimi görmürsən?”, o bildirib.
 
Bloqer deyir ki, əslində məqsədi ölkəni tərk etmək olmayıb və bunu istintaqdan yayınma kimi təqdim etmək absurddur.
 
“Məlum cinayət işi ilə bağlı mən 2 dəfə ölkəni tərk etmişəm, amma 3 ildir ki, bu qadağa mənim üstümdədir. Buna görə də mən Baş Prokurorluğu məhkəməyə vermək üçün sübut axtarırdım. Bu gün nümayəndəmlə aeroporta gedəndən sonra olanları məhkəmədə istifadə edəcəm”, o əlavə edib.
 
Bundan əvvəl bloqerin Səbayıl Rayon Polis İdarəsində dindirilməsi haqda məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov yerli mediaya deyib ki, bloqer çıxışına qoyulan qadağaya “məhəl qoymadan ölkədən çıxmağa cəhd edib” və polis bu cəhdin qarşısını alıb.
 
“2012-ci ildə Mehman Hüseynov barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq maddəsi ilə) cinayət işi başlanılıb. Həmin cinayət işinin istintaqı ilə əlaqədar onun ölkədən çıxışı yasaqlanıb”, APA cənab Zahidovdan sitat gətirib.
 
Hüseynovun nümayəndəsi Günay İsmaylova daha öncə BBC Azərbaycancaya bloqerin şəxsiyyət vəsiqəsinin 2019-cu ilə qədər etibarlı olduğunu və bu pasportla ötən il də daxil olmaqla üç dəfə ölkədən çıxdığını bildirib.
 
DİN mətbuat xidməti Hüseynovun 2013-cü ildə bloggerin özü və vəkilinin onun ölkəni tərk etməsi ilə bağlı istintaq orqanına müraciət etdiyini və ona icazə verildiyini bildirib.
“Lakin bu dəfə nə Mehman Hüseynov, nə də onun vəkili bu barədə istintaq orqanına müraciət etməyiblər”, Zahidov əlavə edib. Bloggerin nümayəndəsi onun Tiflisdə ATƏT-in konfransında iştirak etmək üçün Səbayıl Rayon Polis İdarəsinə yazılı müraciət etdiyini deyir.
“Mehman axtarışda olmayıb. İki gün öncə o özü polis idarəsinə gəlib, həm yazılı, həm də şifahi ölkədən çıxmaq üçün dəfələrlə müraciət edib. Müstəntiq ona müraciətinə baxılacağını deyib”, o bildirib.
 
Hüquqşünas bloqerin vəkili olmadığını əlavə edib.
 
Mehman Hüseynov 2012-ci ildə polisə müqavimət göstərmək maddəsi ilə saxlanılıb və dindirildikdən sonra sərbəst buraxılıb. Daxili İşlər Nazirliyi bloqçunun İctimai Palatanın aksiyası zamanı hakimiyyət nümayəndəsinə müqavimət göstərməsi faktı üzrə cinayət işi ilə bağlı saxlanıldığını açıqlayıb.
 
Hüseynov özü o zaman BBC Azərbaycancaya Bakıda keçirilən "Eurovision-2012" müsabiqəsi zamanı RATİ-nin əməkdaşı kimi hadisələri işıqlandırdığına və Demokratiya naminə oxu" kampaniyasının üzvü olduğuna görə saxlanıldığını bildirib.
 
2013-cü ilin oktyabrında prezident seçkilərinə bir neçə gün qalmış bloqer sosial şəbəkələrdə namizədlərin debatına 300 Spartalı filmi ilə satirik video hazırladığına görə yenidən saxlanılıb. Baş Prokurorluqda 6 saat dindirildikdən sonra sərbəst buraxılıb.
 
Avqustun 8-də bloqerin işlədiyi və rəhbərinin onun qardaşı Emin Hüseynov olduğu Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda Baş Prokurorluğun əməkdaşlarının apardığı yoxlamalardan sonra Hüseynovun 3 ay müddətində ictimai həyatda görünməyib.
Hüquq-mühafizə orqanları onun harada olması barədə heç bir məlumat açıqlamayıb.
Oktyabrın 28-də Baş Prokurorluqda dindirilən Hüseynov BBC Azərbaycancaya deyib ki, onu rəhbəri olduğu Sancaq Productionun fəaliyyəti və qardaşının harada olması barədə sorğu-sual ediblər.
 
Bloqer əlavə edib ki, 2012-ci ildə açılan cinayət işi ilə əlaqədar onun Bakını tərk etməsinə qadağa qoyulub.
 
İnsan haqları təşkilatları Azərbaycanı son ildə azad sözə təzyiqləri artırmaqda və fəalları həbsə atmaqda ittiham edir. Azərbaycan hökuməti bu iddiaları rədd edir. BBC /

Google+ WhatsApp ok.ru