Metrodakı videotəhlükəsizlik sistemi barədə bunları bilirsinizmi?

Moskva vağzallarında FTX (Federal Təhlükəsizlik Xidməti) tərəfindən axtarış bazasında olan cinayətkarları tapmaq üçün sərnişinləri üzündən tanıyan kameralar ilk dəfə 2013-cü ildə quraşdırılıb.
 İndi isə eyni kameraların metro stansiyalarında quraşdırılmasına başlanılıb.
 
Moskva metrosunun rəisi Dmitri Peqov bildirib ki, ilin sonuna kimi intellektual videomüşahidə sistemini işə salmağı planlaşdırırlar. Onun fikrincə, yeni sistem təkcə təhlükəli şəxs və əşyaların aşkar edilməsinə yox, sərnişin axınına nəzarət etməyə də imkan verəcək.
 
Sistem bir müddət giriş-çıxışlarda əvvəlcə insanları tanımağa başlayacaq, gələn il isə sərnişinlərin simalarını cənayətkarların məlumat bazası ilə tutuşdura biləcək.
Videotəhlükəsizlik kompleksinin yaradıcılarından olan Andrey Texajev deyib ki, kameralardakı görüntülər mərkəzi serverə daxil olur, sonra kompüter görüntünü təhlil edir: "Biz bir neçə il insanların metroda özlərini necə apardıqlarına dair məlumatları toplamışıq. Sərnişinlərin davranışlarının alqoritmləri tərtib edilib. Əgər kütlədən kimsə seçilərsə (sərxoş, xuliqan, dilənçi, qeyri-qanuni ticarətçi), biz onu dərhal görəcəyik. Bundan əlavə, kameralar insan sifətinin temperaturunu da ölçə biləcək. Əgər insan nədənsə qorxursa, o zaman əsəbləşir, sistem də bunu "başa düşərək" xəbərdarlıq edir".
 
Qeyd edək ki, bu il aprelin əvvəlindən başlayaraq Bakı metrosunda da təhlükəsizlik tədbirləri xeyli gücləndirilib. Lakin "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevin Milli.Az-a bildirdiyinə görə, Moskva metrosundakı sistemin Bakıda tətbiqinə ehtiyac yoxdur.
 
Çünki o sistem bizdə onlardan bir neçə il əvvəl tətbiq olunmağa başlayıb və öz səmərəsini də verir:
 
"Bakıda videotəhlükəsizlik sistemi hələ bir neçə il bundan əvvəl, nəzarət kameraları quraşdırılanda tətbiq olunmağa başlayıb. Yəni bizdə videomüşahidə kameraları görüntünü avtomatik olaraq bazadakı məlumatlarla müqayisə edir və sistem axtarışda olan cinayətkarları dərhal müəyyən edir. Hətta bu yolla daxili işlər orqanları tərəfindən metroda bir neçə cinayətkar müəyyən edilərək tutulub".
 
Şöbə rəisi əlavə edib ki, Bakıdakı sistem o qədər mükəmməldir ki, hələlik onun təkmilləşdirilməsinə ehtiyac duyulmur. (Milli.az)

Google+ WhatsApp ok.ru