Müflis olmuş Bank Standart-ın əmanətçiləri AMB qarşısında etiraz aksiyası keçiriblər

Müflis olmuş Bank Standart-ın əmanətçiləri AMB qarşısında etiraz aksiyası keçiriblər

Müflis olmuş Bank Standart-ın əmanətçiləri bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar itirdikləri vəsaitlərinin qaytarılmasını tələb ediblər.

 
Bu bank müflis olduğunu elan etdikdən sonra 10 min dollara qədər olan əmanətlər qaytarılıb.
 
İnsanlar bankın vəsaitinin böyük hissəsinin 153 iri müştəriyə girovsuz kredit formasında verilməsinə qəzəbləniblər. Bu 153 müştəri bankda olan bütün vəsaitin 80,3%-ni alıb.
 
“Bu, yüksək vəzifəli məmurlar və onların qohumlarıdır. Prezidentin köməkçisi Şahmar Mövsümova 100 mln. manat verilib. “Riyad” Ticarət Mərkəzinin sahibi İlqar Əliyev 25 mln. manat götürüb.
 
Niyə bank rəhbərliyindən və ya böyük miqdarda kreditləri alanlardan heç kim həbs edilməyib? Prokurorluğa müraciət etdikdə bizə deyirlər ki, sizin pulunuz hardan idi? Niyə prokurorluq girovsuz böyük kreditlər verənlərlə və bu pulları qaytarmayanlarla maraqlanmır?”, deyə aksiya iştirakçılarından biri bildirib.
 
Əmanətçilər Komitəsinin sədri Şahin Əhmədov bu ilin yanvar ayında Turan agentliyiyə bildirib ki, 10 mindən çox Azərbaycan vətəndaşı Bank Standart-dan pulunu ala bilməyib. Onlar arasında 30 min dollara qədər əmanət yatıranların sayı 400 nəfərdir.
 
Aksiya zamanı AMB-dən heç kim etirazçıların qarşısına çıxmayıb. Onlara Əmanətlərin Sığortalanması Fonduna getmək tövsiyə olunub.