Mijatović: «Prezident Əliyev fasiləsiz təzyiq göstərib»

ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunja Mijatović bu vəzifədə olduğu altı il ərzində qurumun 57 üzv ölkəsində mətbuat azadlığının pisləşdiyini deyir. Bu barədə Karneqi Fondunun saytında Judy Dempsey yazır.
 
Mijatović martın 10-da vəzifədən gedir. O, müəllifə deyib ki, media azadlığının getdikcə daha artıq təhlükəyə məruz qaldığını düşünür və bu dəyəri müdafiə etmək demokratik hökumətlərin boynuna düşür: «Ancaq Orta Asiyada buna əməl etmirlər. Burada media çox zəif durumdadır. Vaxtilə regionda bu mənada öndə gedən Qırğızıstanda media azadlığına təhlükə yaranıb».
 
Mijatović Azərbaycandan da danışıb. Deyib ki, prezident İlham Əliyev müstəqil jurnalistlərə və müstəqil qeyri-hökumət təşkilatlarına qarşı fasiləsiz təzyiq kampaniyası aparıb, onlarla fəal hazırda dəmir barmaqlıqlar arxasındadır.
 
«Çoxları belə düşünür ki, Azərbaycandakı təzyiq hökumətin Ukraynada prezident Viktor Yanukovych-in devrilməsi ilə nəticələnmiş Maydan hərəkatından qorxusu, yaxud neftin ucuzlaşmasıyla bağlıdır», - Mijatović deyib.
 
ATƏT təmsilçisi, səbəbindən asılı olmayaraq, beynəlxalq ictimaiyyətin bu tip təzyiqə reaksiyasını tənqid edir: «Mən və insan haqları ilə işləyən digərlərinin dediklərinə səs verən ölkələr olmalıdır. Hüquqlarının müdafiəsi səbəbindən həbsə atılanlar var. Qorxudulan, döyülən, öldürülən, məhkəmə istintaqı görməyən insanlar var. Bu, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə baş verir».
 
Mijatović mətbuat azadlığına təsir göstərən bir səbəb kimi media sahiblərindən də söz açır. Belə ki, Rusiya, Ukrayna, Qərbi Balkanlarda media elita və oliqarxların siyasi alətinə çevrilib: «Rusiyada vətəndaş cəmiyyətinin necə zəiflədiyini görürsünüz. Müstəqil media yoxa çıxmaqdadır. Ancaq bu, çiyinlərimizi çəkməklə sonuclanmamalıdır. Peşəsini qorumaq istəyən insanlarla işləməliyik».(AzadlıqRadiosu)

Google+ WhatsApp ok.ru