Milli Şuradan siyasi məhbuslarla bağlı mühüm addım

 
Milli Şuranın bu günkü iclasında qurum siyasi məhbuslarla bağlı bəyanat yayaraq, mühüm bir addıma imza atıb. 
 
"Ölkəmizin ən populyar hüquq müdafiəçilərindən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan Leyla Yunusun həbsindən sonra Milli Şuranın təşəbbüsü ilə bütün siyasi məbhusların hüquqlarını müdafiə edəcək Komitə yaradıldı. Elə həmin Müdafiə Komitəsinin elan edildiyi toplantıda vahid siyasi məhbus siyahısının hazırlanması üçün İşçi Qrup formalaşdırıldı. Qrup yüksək işgüzarlıq göstərərək, Leyla Yunus və ondan bir neçə gün sonra həbs edilən daha bir tanınmış hüquq müdafiəçisi Rəsul Cəfərovun birgə hazırlamağa başladıqları vahid siyasi məhbus siyahısını qısa zamanda tamamladı və sənəd 28 nəfər hüquq müdafiəçisi və vəkilin adından ictimaiyyətə təqdim olundu. 
 
Milli Şura İşçi Qrupun bu fəaliyyətini yüksək qiymətləndirir və göstərilən fədakarlığını təqdir edir. Artıq tanınmış hüquq müdafiəçilərini hədəf alan həbslərin bir məqsədi də həmin vahid siyasi məhbus siyahısının hazırlanıb yayılmasına imkan verməmək idi. Diqqətəlayiq haldır ki, siyahının hazırlanmasına məsul olan İşçi Qrup vəzifəsinin öhdəsindən layiqincə gəldi. Milli Şura açıqlanan vahid siyasi məhbus siyahısını müdafiə edir və ölkənin bütün ictimai, siyasi qüvvələrinə səslənir: əgər aparılan siyasi motivli həbslərə görə hakimiyyətə haqq qazandırmırsınızsa, bu həbslərin dayandırılmasını, insan hüquq və azadlıqlarının təmin olunmasın istəyirsinizsə, artıq elan edilmiş vahid siyasi məhbus siyahısına dəstək verin. Milli Şura ölkənin hüquq müdafiəçilərini və bu ad altında fəaliyyət göstərən hər kəsi həmin vahid siyahıya öz imzasını qoymağa çağırır. 
 
Milli Şura ölkədə siyasi məhbus probleminin həllinə həqiqətən də maraqlı olan hər kəsdən umur ki, artıq elan edilmiş vahid siyahıya alternativ siyahıların hazırlana biləcəyi kimi ziyanlı təşəbbüslərdən çəkinsinlər. Belə mümkün təşəbbüslər yalnız ölkəmizdə insan haqlarına qənim kəsilmiş avtoritar hakimiyyətin mövqeyini gücləndirər, ona manevr imkanları yaradar və siyasi məhbusların həbsxanada qalma müddətlərini və onların sayını artırar.
 
Milli Şura bəyan edir ki, vahid siyahidə yer alan və ora əlavə ediləcək bütün siyasi məhbusların taleyi onun daimi diqqət mərkəzindədir. Qurum Azərbaycan hökumətindən onları dərhal azadlığa buraxmağı tələb edir və onların azadlığına nail olmaq üçün həm daxildə, həm də beynəlxalq səviyyədə bütün qanunu fəaliyyət imkanlarını səfərbər edəcək. Bu həbslərin əsas məqsədi xalqı qorxu altında saxlamaq, vətəndaş cəmiyyəti institutlarını və müxalif mövqeli siyasi qüvvələri ölkənin həyatından sıxışdırıb çıxarmaqdır. Milli Şura bu çirkin niyyətin baş tutmaması üçün əlindən gələni edəcəyini bəyan edir. 
 
Hakimiyyətin repressiya siyasətini qəbul etməyən bütün həmvətənlərimizi ölkədə hamının qorxudulduğu və susdurulduğu, idbar reallıqla barışmaq zorunda qaldığı alçaldıcı mühitin yaranmasına imkan verməmək üçün səfərbər olmağa çağırırıq. Ruhdan düşməyə, ümidsizliyə qapılmağa haqqımız yoxdur. İndiki və gələcək nəsillərimizin azad, ədalətli, demokratik bir ölkədə yaşamasını təmin etmək üçün bircə yolumuz var: mübarizəni davam etdirmək.
 
Əmin olun ki, siyasi məhbuslarsız, azad və insan haqlarının uca tutulduğu Azərbaycan tarixin reallığına çevriləcək. Mübarizəmizin kəsəri o günlərə qədər bir zərrə də azalmayacaq".azadxeber /
 

Google+ WhatsApp ok.ru