Milli Şura `Talana və yalana son!` şüarı ilə mitinq keçirdi - FOTO

Bir neçə müxalifət təşkilatı və ictimai fəalların birləşdiyi Milli Şuranın bu gün sat 15-də Bakıda təyin etdiyi mitinq baş tutub.
 
Müxalifət fəalları «Xilas olaq!», «Talana və yalana son!» şüarları ilə keçirilən aksiyada ölkədə siyasi repressiyalara, korrupsiyaya, bahalaşmaya qarşı etiraz ediblər.
 
Milli Şuranın mitinqi Azərbaycanın dövlət himni səsləndirilib, daha sonra mayın 19-da Binəqədi rayonunda baş verən dəhşətli və faciəvi yanğın olayının qurbanlarının, mərhum müsavatçı gənc Nərgiz Yaqublunun, intihar etmiş Qarabağ qazisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 
Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli mitinq iştirakçılarını salamlayıb, hakimiyyətin mitinqin keçirilməsinə maneçilik törətdiyini bildirib. Əli Kərimli deyib: "Hakimiyyət əlindən gələni etdi ki, bu buraya az adam toplansın. Amma bizim israrımız, sizin tələbiniz hər şeyə qalib gəlir. Hamınızın bildiyi Binəqədidəki yanan binada insanlar can verdi. Dəfələrlə yazdıq, ekspertlər dedilər ki, bu üzlüklər ölümdür. Gərək 15 nəfər ölərdi ki, bu bəzəmə işləri dayansın? Onlar bu işləri dayandırmaq istəmirdilər. Çünki bu yolla milyonlar mənimsəyirdilər". AXCP sədrinin çıxışı zamanı aksiya iştirakçıları "istefa" tələbləri səsləndiriblər.
 
Daha sonra AXCP sədri binaların yanmasına səbəb olan penoplastların yanğın təhlükəsi daşıdığından hakimiyyət adamlarının əvvəlcədən xəbərdar olduqlarını, ancaq onların xalqın taleyinə laqeyd yanaşdığını bildirib, bunu məsuliyyətsizilk adlandırıb, bu işə görə məsuliyyət daşıyanların cəzalandırılmalı olduğunu deyib.
 
Sonra Əli Kərimli hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində ölən şəxslərə görə hakimiyyəti ittiham edib.
 
Bir neçə çıxışçıdan sonra Milli Şuranın sədri Cəmil Həsənli çıxışa başlayıb. O, 28 May - Respublika Günündən, bu günü Azərbaycan xalqına bəxş edənlərn danışıb. C.Həsənli ölkədə yaranmış vəziyyətə görə hakimiyyəti ittiham edib və bildirib ki, bu hakimiyyət neftdən gələn milyardları sağa-sola səpələdiyi halda, Qarabağ qazilərinin maddi rifahının qayğısına qalmır və onlar özlərini yandıraraq öldürürlər. "Xalqla belə rəftar etmək olmaz" deyən C.Həsənli hərbi hissələrdə döyülərək öldürülmüş gənc əsgərlərdən də bəhs edib, onların analarının mediada, sosial şəbəkədə yayılan fəryadından danışıb. 
 
Milli Şuranın sədri ölkədə edən siyasi repressiyanın tüğyan etdiyini bildirib, Kürdəxanı təcridxanasında saxlanılan intellektual insanların, siyasi məhbusların adını adbaad sayaraq deyib: "İndi Kürdəxanını bütün dünyada tanıyırlar". Aksiya iştirakçıları bu yerdə "Ar olsun" sədaları ilə natiqə dəstək veriblər.
 
Mitinq başa çatandan sonra polislər iki nəfəri saxlayıb polis maşınına oturdaraq polis bölməsinə aparıblar. Jurnalistlərin "bu şəxsləri niyə saxlamısınız" sualları cavabsız qalıb. Saxlanılanların yaxınlığında olan bir nəfər bildirib ki, həmin şəxslər "Allahu-əkbər" şüarı səsləndirdikdən dərhal sonra polis müdaxiləsinə məruz qalıblar.
 
 
 
 
 
 
 
 
 
 

 

Google+ WhatsApp ok.ru