Mingəçevirdə qaçqınların növbəti etiraz aksiyası

Bu gün Mingəçevirdə 100-dək məcburi köçkün növbəti etiraz aksiyası keçirib. Moderator.az-ın məlumatına görə, əsasən Kəlbəcərdən və Ağdamdan olan məcburi köçkünlər ev tələbi ilə şəhər icra hakimiyyətinin qarşısına toplaşıblar.
 
İnternat məktəbində, məktəbin yataqxanasında, tərəvəzçilik sovxozunda məskunlaşmış şəxslər qəzalı binada yaşadıqlarını bildirirlər.
 
Onların sözlərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin rəyi də var. Sakinlər söyləyirlər ki, yaşadıqları bina hər an uça, böyük faciə baş verə bilər.
 
Buna baxmayaraq hər dəfə qaçqın və köçkünlər üçün şəhərciklər salınanda, mənzil paylanarkən adları siyahıdan kənarda qalır.
 
Sakinlər Moderator.az-ın hadisə yerində olan müxbirinə bildiriblər ki, düzgün bölgü aparılmamasının əsas günahkarı icra başçısının birinci müavini İlham İsmayılov və ərazi idarəetmə orqanları iş şöbəsinin müdiri Rəsul Paşayevdir.
 
Aksiyada baş verən maraqlı məqamlardan biri isə budur ki, icra hakimi etiraz aksiyası keçirənlərin qarşısına çıxmayıb. Sakinlərin dediyinə görə, o, etiraz aksiyası keçirildiyini görəndən sonra gizlicə binanı tərk edib.
 
Onu da qeyd edək ki, hadisə yerinə polis qüvvələri cəld olunub. Onlar əlləri dəyənəkli halda vəziyyətə nəzarət etməyə çalışırlar.
 
Xatırladaq ki, Avropa Oyunlarında idmançıların və qonaqların yerləşdirilməsi məqsədilə 9 mərtəbli 11 bina tikilib. Binaların oyunlardan sonra məcburi köçkünlərə veriləcəyi bəyan edilib. Amma vədə əməl edilməyib.  azadliq.info /
 

Google+ WhatsApp ok.ru