Minskdə müxalifət liderləri dindirilir

Minskdə müxalifət liderləri dindirilir

Tsikhanouskaya seçkinin nəticələrinə etirazlarda azı 6 nəfərin öldürüldüyünü, onlarla etirazçının itkin düşdüyünü bildirir
 
Belarus hakimiyyəti müxalifət fiqurlarının dindirilməsini davam etdirir. Müxalifətin Koordinasiya Şurasıyla bağlı “cinayət təhqiqatı” aparılır.
 
Hazırda mühacirətdə olan müxalifət lideri Svyatlana Tsikhanouskaya-nın Koordinasiya Şurasının üzvü Maria Kalesnikava avqustun 27-də İstintaq Komitəsində dindirilməyə çağırılıb.
 
Tsikhanouskaya seçkinin nəticələrinə etirazlarda azı 6 nəfərin öldürüldüyünü, onlarla etirazçının itkin düşdüyünü bildirir.
 
Belarusun Konstitusiya Məhkəməsinin sədri isə Koordinasiya Şurasını “qeyri-konstitusion” adlandırıb. Şuranın idarə heyətinin iki üzvü Lukashenka-ya qarşı icazəsiz nümayişçilərin təşkili ittihamıyla həbs olunub. 
 
NATO-nun Baş katibi Jens Stoltenberg avqustun 27-də Berlində Almaniya Kansleri Angela Merkel-lə görüşdən sonra deyib ki, Lukashenka Belarus xalqının fundamental hüquqlarına “tam sayqı göstərməlidir”. Stoltenberg Lukashenka-nın NATO qüvvələrinin Belarus sərhədində yerləşdirilməsi iddialarını təkzib edib. Onun sözlərinə görə, gələcək təzyiqlər üçün NATO alyansından bəhanə kimi istifadə etmək “əsaslandırılmamış” addımdır.
 
Belarusda Roman Katolik kilsəsinin başçısı, arxiyepiskop Tadeusz Kondrusiewicz isə bəyan edib ki, Belarusun polis və təhlükəsizlik xidməti əməkdaşları avqustun 26-da Minskdə Müstəqillik Meydanı ilə üzbəüz kilsədə nümayişçilərə qarşı “qeyri-adekvat və qanunsuz” hərəkətlər ediblər.
Kondrusiewicz polisin davranışının araşdırılmasına çağırıb, bu davranışın ölkədə “gərginliyin azaldılmasına kömək etmədiyini” deyib.
 
Dünən onlarla etirazçı kilsəyə girəndən sonra polis kilsənin qapılarını bağlayıb və onları içəridə 40 dəqiqəyədək saxlayıb. Bu zaman yaxınlıqdakı meydanda mindən çox etirazçı dağıdılıb, 50-dək şəxs saxlanıb. / azadliq.org/
 

Google+ WhatsApp ok.ru