Minsk qrupu helikopterlə bağlı bəyanat yayıb

Deputat: `Minsk qrupunun həmsədrləri təxribatlı bəyanat veriblər`

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupu noyabrın 19-da bəyanat yayıb. Bəyanatı həmsədrlər – Rusiyadan Igor Popov, ABŞ-dan James Warlick və Fransadan Pierre Andrieu imzalayıb. Həmsədrlər noyabrın 12-də Azərbaycan qüvvələrinin vurduğu hərbi helikopterin düşdüyü əraziyə humanitar girişin olmamasından dərin narahatlıq bildirirlər.

“Vertolyotun qalıqları Təmas Xəttindən neytral minalanmış ərazidə yerləşir. Biz tərəfləri qəza ərazisi yaxınlığında atəşi dayandırmağa və ətraf ərazinin minalardan təmizlənməsini asanlaşdırmağa çağırırıq” həmsədrlər bildirir.

​“Həmsədrlər, 2010-cu ilin oktyabrında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Həştərxan bəyanatına uyğun olaraq, Azərbaycanı hadisə qurbanlarının meyitlərinin götürülməsinə icazə verməyə, Ermənistanı isə bu humanitar durumun həlli üçün əməkdaşlıq göstərməyə çağırır. Qeyd edirik ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk və onun komandası regiondadır və tərəfləri hadisə yerinə getmək üçün onlardan istifadə etməyə səsləyirik,” bəyanatda deyilir.

“12 noyabr bəyanatımızı bir daha təsdiqləyirik, tərəflərə xatırladırıq ki, atəşkəsə hörmət öhdəlikləri var və Soçi, Nyuport və Parisdə münaqişənin dinc yolla həllinə dair götürdüyü öhdəliklərə əməl etsinlər,” həmsədrlər vurğulayır.

Müdafiə Nazirliyi bildirir ki, noyabrın 12-də Ermənistana məxsus helikopter Azərbaycanın işğal olunmuş ərazisində uçuşlar keçirərək Azərbaycan tərəfin mövqelərinə hücum edib. Azərbaycan hərbçiləri helikopteri zərərsizləşdirib.

 Burada kəskin paradoks var

Milli Məclisin deputatı Adil Əliyev Minsk qrupunun bəyanatına etiraz edib. Millət vəkili Modern.az saytına bildirib ki, Azərbaycan torpaqlarının neytral zona adlandırılması heç bir hüquqi əsasa sığmır:  

“Bu necə ola bilər? Həmsədrlər təmsil etdikləri dövlətlərin adından danışırlarsa, Amerika Birləşmiş Ştatları da, Rusiya da, Fransa da Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Belə görünür ki, burada kəskin paradoks var. Minsk Qrupunun həmsədrlərinin bu bəyanatı məndə böyük təəssüf hissi doğurdu. Nə zamandan Azərbaycan əraziləri neytral zona oldu. Ən azından həmsədrlər bəyanat verərkən müvəqqəti neytral zona ifadəsini işlətməli idilər”.

Deputat diqqəti 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus helikopterin erməni silahlıları tərəfindən vurulmasına çəkərək qeyd edib ki, həmin hadisə zamanı 22 nəfərin həyatına son qoyulub ki, onların da əksəriyyəti Azərbaycanın dövlət adamları, nazirlər olub:

“Düzdür, hələ o zaman ATƏT-in Minsk Qrupu yox idi. Amma insan faciəsi ki, var. Bir müqayisə aparsınlar. Biz həmsədrlərdən ikili standartlara son verilməsini tələb edirik”.  

Münaqişənin həlli Ermənistandan keçir
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da modern.az saytına açıqlamasında bu bəyanatı qınayıb:  

“Çünki o ərazilər Azərbaycanın əraziləridir və həmsədrlər də yaxşı bilir ki, Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın 20 faizdən artıq torpaqlarını işğal altında saxlayır. Minsk Qrupu həmsədrlərinin hər zaman olduğu kimi bu dəfə də belə mövqe nümayiş etdirmələri münaqişənin tənzimlənməsinə xidmət etmir. Çünki münaqişənin həlli Azərbaycanın torpaqlarını işğal altında saxlayaraq bölgədə vəziyyəti gərginləşdirən Ermənistana təzyiqdən keçir. Amma onlar nəinki Ermənistana təzyiq göstərir, əksinə bu cür açıqlamalarla ədalətsizliklərini bir daha ortaya qoyurlar”.


ATƏT Minsk qrupunun həmsədrləri təxribatlı bəyanat veriblər
ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan hərbi helikopterinin düşdüyü ərazi ilə bağlı verdiyi bəyanat təxribat xarakterli, mənasız və məntiqsizdir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Z.Əsgərov qeyd edib ki, ATƏT Minsk qrupunun həmsədrləi təxribatlı bəyanat veriblər: “Guya helikopter neytral əraziyə düşüb”.

Vitse-spiker qeyd edib ki, helikopterin düşdüyü ərazi Azərbaycan ərazisidir və beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədr ölkələri tərəfindən də Azərbaycan ərazisi kimi tanınır: “Belə olan halda isə, həmsədrlərin bəyanatı təxribat xarakterli, mənasız və məntiqsizdir”.
/
 

Google+ WhatsApp ok.ru