Yüz minlərlə Azərbaycanlı Rusiyadan geri dönür

 
Qərbin ağır sanksiyaları ilə üzləşən Rusiyada azərbaycanlıların biznesinin zəiflədiyi bildirilir.

«Rusiyada çalışan həmyerlimiz İsmayıl Əsgərov Bizimyol.info-ya bildirib ki, bu ölkəyə tətbiq olunan sanksiyalar ticarəti iflic duruma salıb.

Həmsöhbətimizin verdiyi məlumata görə, Rusiya hökuməti Qərb ölkələrindən mal idxalına qadağa qoymaqla sanksiyaların təsirini daha da artırmış olub. Bu qadağa ilk növbədə ölkədə ərzaq mallarının, meyvə tərəvəzin qiymətini bahalaşdırıb. Digər tərəfdən rublun dəyərdən düşməsi ticarətdə nağd hesablaşmaya gətirib çıxarıb: «Əvvəllər topdansatış mərkəzləri, emal müəssisələri pərakəndə satış mərkəzlərinə nisyə mal paylayırdı. Onlar da satıb borclarını qaytarır, özləri də qazanırdı, bütün bazarlarda ticarət bu prinsiplə qurulmuşdu. Amma indi heç kim nisyə mal vermir, çünki pulun dəyəri hər gün ölür. Xüsusən dollarla ticarətdən hamı imtina edib. Beş dollara aldığın malın dəyərini ödəmək üçün gün keçdikcə daha artıq məhsulu rubla satmalısan. Beləliklə, bütün ticarət çöküb, dövriyyədə pul yoxdur, hamı başını birtəhər dolandırıb vəziyyətin düzələcəyini gözləyir. Amma ümidlər hər gün azalır».

İ. Əsgərov azərbaycanlıların yanvar ayından başlayaraq ölkəyə qayıdacaqlarına əmin olduğunu deyir: «Qazanc yoxdursa, kimin nə işi var burada, hamı yükünü yığıb geri dönəcək. İndi hələ də ümid edənlər var ki, vəziyyət düzələcək, ona görə canlarını dişinə tutub dözürlər. Hələ ki, Azərbaycandan mal gətirənlər az da olsa qazana bilirlər. Rubl öldükcə onların qazancı da yoxa çıxacaq. Bundan sonrası Allahın ümidinə qalıb...». bizimyol.info /

Google+ WhatsApp ok.ru