Mirvari Qəhrəmanlı: “BP-nin Bakı ofisində yenidən ixtisarlar aparıla bilər”

Neft nəhəngi BP bəyan edib ki, dünya bazarında neftin və qazın qiymətinin kəskin aşağı düşməsi nəticəsində şirkətin də gəlirlərində ciddi azalma baş verib. Bu səbəbdən şirkət kapital qoyuluşlarını azaltmalı olub. BP-nin icraçı direktoru Robert Dadli deyib ki, şirkətin bu ilki kapital yatırımları planlaşdırıldıqdan da az olacaq: “Biz hazırda öz maliyyə bazamızı yeni qiymət mühitinə uyğunlaşdırmağa çalışırıq”.
 
Neftçilərinin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, BP-də xərclərin azaldılması şirkətin həyata keçirtdiyi layihələrə aid olmayacaq: “BP-nin həyata keçirdiyi layihələr əvvəlcədən hesablanıb. Burada işləyəcək insanların sayı, onların əmək haqqıları və s. məqamlar nəzərə alınıb. Amma BP-də xərclərin azaldılması müəyyən yerlərə təsirini göstərəcək. Belə ki, BP-nin Bakıda yerləşən baş ofisində ixtisarların olacağı gözlənilir. BP-nin bu cür açıqlama verməsi ciddi bir mesaj kimi qəbul edilə bilər. Ümumiyyətlə bu ilin axırından gələn ilin yanvar-fevral ayına qədər hasilat sahəsində ixtisarlar gedə bilər. Bu ixtisarlar ümumi olaraq neft sektorunu əhatə edəcək”. /

Google+ WhatsApp ok.ru