Mirvari Qəhrəmanlı: “Azəriqaz iş elanı vermək əvzəinə ixtisar etdiyi 2 min insanı yenidən işlə təmin etsin”

Bu günlərdə SOCAR rəsmisinin verdiyi məlumata görə, 6509 nəfər müvəqqəti işlə təmin ediləcək. Bu əsasən Azəriqaz İB sektorunda olacaq. Belə ki, regionların qazlaşdırlması ilə bağlı bu iş yerlərinə tələbat yaranıb. İş yerləri haqqında məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub. Artıq Nazirliyin yerli Məşğulluq Xidmətləri ilə SOCAR-ın müvafiq strukturlarının - “Azəriqaz” İB (5196 vakant yer), “Qaz İxrac” (1000 vakant yer) və Nəqliyyat İdarələrinin (313 vakant yer) üzərinə düşən öhdəliklər də müəyyənləşdirilib.
 
Mövzu ilə bağlı Deyerler.org-la fikirlərini bölüşərkən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı deyib ki, ötən il Azəriqaz İB-dən 2 minə yaxın adam ixtisar edilib: “Bu sadəcə olaraq ölkə başçısının ixtisarların qarşısının alınması ilə bağlı göstərişinə olan bir reaksiyadır. SOCAR bu gün elan edir ki, 6 mindən artıq insanı müvəqqəti işlə təmin edəcək. Amma reallıq budur ki, bir müddət öncə, bu gün işə cəlb ediləcək sahə kimi göstərilən yerlәrdәn Azəriqaz İB-dən 2 minə yaxın adam ixtisar edilib. Yaxşı olardı ki, Azəriqaz İB iş elanı vermək vəzəinə hәmin 2 min insanı yenidən işlə təmin etsin.
 
İxtisara düşmüş şəxslərin arasında regional idarələrdən də olan işçilər var. Bölgәlәrdәn bizə şikayətlər daxil olmuşdu ki, regional idarələrin yaradılması ilə əlaqədar çoxlu sayda insanlar ixtisar edilib. Həmin müvəqqəti iş təminatında yaxşı olar ki, öz işçilərini geri çağırsınlar, sonra əlavə işçi qəbul etsinlər. Təbii ki, işə qəbul edilən şəxslərdə öz ölkəmizin vətəndaşlarıdır. Amma yaxşı olardı ki, hәmin işdə uzun müddət çalışan işçilər ilk olaraq işlərinə bərpa olunsunlar”. /
 

Google+ WhatsApp ok.ru